"Zirə"nin qapıçısı: "Bizi qələbədən başqa heç bir şey qane etmir"

"Zirə"nin qapıçısı: "Bizi qələbədən başqa heç bir şey qane etmir"

"Buna baxmayaraq, bəlkə də həddindən artıq matça köklənməyimiz bizi yandırdı".

Bunu "Zirə"nin qapıçısı Kamal Bayramov Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib. 

34 yaşlı qolkiper ötən tur evdə "Sabah"a 0:2 hesabı ilə məğlub olduqları qarşılaşmaya da yaxşı kökləndiklərini vurğulayıb:

"Oyuna komanda şəklində yaxşı köklənmişdik. Bilirdik ki, qələbədən başqa heç bir nəticə bizi qane etməyəcək. Buna baxmayaraq, bəlkə də həddindən artıq matça köklənməyimiz bizi yandırdı. Azarkeşlərimizin önündə çempionata qələbə ilə start vermək istərdik. Alınmadı. "Səbail"lə oyunda isə daha diqqətli olduq və görüşə daha ciddi hazırlaşdıq. Bu matçda da səhvlərimizin olmasına baxmayaraq, oyundan-oyuna onları aradan qaldırmağa çalışacağıq".

Bayramov "Səbail"in qol epizodlarından istifadə edə bilməməsinə də toxunub:

"1-ci hissədə daha üstün idik. 2-ci yarıda isə hesabda irəlidə olmağımız bir az ehtiyatlı davranmağımızla nəticələndi. Rəqib üçün təhlükəli qol epizodları yaratdıq. Bütün bunların hamısını analiz edəcəyik. Məncə gələcək matçlarda bu səhvləri etməyəcəyik. "Zirə"nin bundan öncəki illərdə layiq olduğu yerlər var idi. Çalışırıq komandanı həmin pillələrə yüksəldək".

Bayramov qəsəbə təmsilçisinə yeni qoşulan hücumçuların çıxışlarını da dəyərləndirib:

"Xulio Rodrigez "Zirə"də keçirdiyi 2-ci oyunda fərqləndi. Bu isə yaxşı göstəricidir".

O, həmçinin Azərbaycan Premyer Liqasının XVII turunda "Neftçi" ilə keçirəcəkləri matç barədə də fikirlərini bölüşüb:

"Çempionatın liderinə qarşı öz meydanımızda oynayacağıq. Əlimizdən gələn qədər də mübarizə aparacağıq. Həmin qarşılaşmaya da qələbə üçün çıxacağıq. "Neftçi" və ya digər komandaların olması bizim üçün fərq etmir. Bir amalımız var: Bizi qələbədən başqa heç bir şey qane etmir".

Bakucity.az

Futbol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər