Bakıda Buktreyler Festivalında iştirak etməyin şərtləri açıqlandı

Bakıda Buktreyler Festivalında iştirak etməyin şərtləri açıqlandı

Festivala qatılmaq istəyənlər aprelin 1-dək müraciət edə bilər.

Bakucity.az xəbər verir ki, kinoaktyor, prodüser Ruslan Sabirlinin təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Buktreyler Festivalının növbəti, sayca dördüncü mövsümündə iştirak etməyin şərtləri açıqlanıb.

Mədəniyyət Nazirliyindən bildirilib ki, festivala yaşından asılı olmayaraq arzu edən hər kəs qatıla bilər. Festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) Azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən buktreylerlər iştirak edəcək.

Həmçinin festivala bir iştirakçı tərəfindən təqdim olunan buktreylerlərin sayına məhdudiyyət qoyulmur. Buktreylerlərdə qanunvericiliyə zidd olan, siyasi, dini, irqi və milli ayrıseçkiliyi təbliğ edən, senzuradan kənar ifadələri, pornoqrafik materialları əks etdirən məzmun qadağandır.

Təqdim edilmiş buktreylerlər münsiflər tərəfindən təhlil edilmir və geri qaytarılmır. İştirakçıların buktreylerləri müəllifdən icazə alınmadan və buna görə heç bir ödəniş edilmədən festivalın təbliği məqsədilə istifadə edilə bilər, eləcə də festivalın rəsmi saytında və internet resurslarda (saytlar, sosial şəbəkələr və s.) yerləşdirilə bilər. Bundan başqa, buktreylerlərin xronometrajı maksimum 3 dəqiqə olmalıdır.

2016-cı ildə əsası qoyulan festivalın məqsədi kitaba və mütaliəyə marağın artırılması, film sənayesində yeni istedadların müəyyən edilməsidir.

Mədəniyyət Nazirliyi ilə yanaşı, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası festivala dəstək verir. Əsas tərəfdaş “Azercell” mobil operator şirkətidir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az  internet səhifəsindən və ya www.facebook.com/BooktrailerFest/  “Facebook” səhifəsindən əldə etmək olar.

Həmçinin, bütün suallarla bağlı [email protected]  elektron ünvana müraciət etmək mümkündür. Festivala qatılmaq istəyənlər aprelin 1-dək müraciət edə bilər.

Bakucity.az

Buktreyler Festivalı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər