Küçə rəssamı: "Biz qraffitilərimizi Bakının koloriti ilə uyğunlaşdırırıq" – MÜSAHİBƏ

Küçə rəssamı: "Biz qraffitilərimizi Bakının koloriti ilə uyğunlaşdırırıq" – MÜSAHİBƏ

Şəhərin hip-hop mədəniyyətinin ən parlaq nümayəndələrindən biri ilə müsahibə.

Küçə rəssamlığı Bakıda çox da yayğın sənət növü deyil. Buna baxmayaraq, ölkəmizdə bu sahədə uğurlu işlər görən qraffiti rəssamları var. Onlardan biri də, hip-hop mədəniyyətində Nesto kimi tanınan Yunis Krılovdur. Bakucity.az küçə rəssamı ilə müsahibəni oxucularına təqdim edir.

- Rəssamlığa qraffiti ilə başlamısınız, yoxsa qraffitiyə sonradan yönəldiniz? 

- Rəsmlə uşaqlıqdan məşğulam, amma bu mənim qraffiti fəaliyyətimə az təsir göstərib. Ümumiyyətlə, qraffitiyə marağım birdən birə yox, mərhələli şəkildə ortaya çıxıb. Öncə hip-hop mədəniyyəti məni özünə cəlb etdi, sonra da bu mədəniyyətin müxtəlif istiqamətlərində özümü sınamağa başladım. “Break dance” öyrənib rəqs etməyi sınadım, paralel olaraq da mətnləri özüm yazmağa başladım. Sonda qraffiti mədəniyyəti ilə maraqlandım və prinsipial olaraq bu istiqaməti seçdim, amma digər istiqamətlərdə özümü inkişaf etdirməyi də dayandırmadım. 

- Qraffitidə sizi ən çox cəlb edən nədir? 

- Burada məni heç bir qaydanın olmaması və özünüifadənin sərhədsizliyi cəlb edir. Bu sənətdə necə, nə, harda çəkmək kimi bir tələb yoxdur. Əgər sənin fantaziyaların, kreativ düşüncələrin varsa, onda sən istənilən ideyanı həyata keçirə bilərsən. Qraffitidə məni cəlb edən məhz budur. 

Küçə rəssamı: "Biz qraffitilərimizi Bakının koloriti ilə uyğunlaşdırırıq" – MÜSAHİBƏ, fotoşəkil-1

- Sevdiyiniz mövzu yəqin ki, var. 

- Hər hansısa mövzuya üstünlük verdiyimi deyə bilmərəm, pozitiv və ya neqativ emosiyalı istənilən təsviri çəkə bilərəm. 

- Bu işlə pul qazanmaq mümkündürmü? 

- Əvvəllər bu işdə pul qazanmaq imkanının çox az olduğunu düşünürdük, amma indi hər şey dəyişib. İnsanların özləri, düşüncələri dəyişib. Onlar ofislərinin, obyektlərinin divarlarında yaradıcılıq elementləri görmək istəyirlər. Hətta bəzi insanlar öz sifətlərində kreativlik istəyirlər. Bu gün insanlar artıq monotonluq istəmirlər və buna görə də qraffiti çəkənlər öz sevimli işləri ilə məşğul olaraq  pul qazanmaq şansına sahibdirlər. 

- Sizin müxtəlif beynəlxalq sərgilərdə və festivallarda iştirak etmək şansınız olub. Qatıldığınız ən maraqlı tədbirlər barədə danışardınız. 

- Mənim ən sevimli tədbirim hər il Sankt-Peterburqda keçirilən V1 festivalıdır. Bu dördgünlük festivalda qraffiti, "break dance" kimi hip-hop mədəniyyətinin bütün janrları təmsil olunur. Tədbirə MDB ölkələrindən, hətta xaricdən də nümayəndələr qatılır və festival çox səmimi ortamda keçirilir. 4 gün ərzində hər kəs böyük bir ailənin üzvü kimi birləşir və unudulmaz anlar yaşayırlar. Mən bu festivalda artıq bir neçə ildir iştirak edirəm və iştirak etməkdə də davam edəcəyəm, çünki orda keçirdiyim hisslər təsviredilməzdir. 

Küçə rəssamı: "Biz qraffitilərimizi Bakının koloriti ilə uyğunlaşdırırıq" – MÜSAHİBƏ, fotoşəkil-2

- İşinizlə bağlı müsbət fikirlər söylədiniz. Bəs bu işlə məşğul olduğunuz zaman hansı çətinliklərlə qarşılaşırsınız? 

- Əslində çətinliklər çoxdur. Bu işlə məşğul olmağa başlayanda birinci növbədə öz yaxınların tərəfindən anlayışsız münasibətlə qarşılaşırsan. Onlara qraffitinin maraqlı və kreativ sənət olduğunu anlada bilmək çox vacibdir. Bu, sənin qeyri-ciddi adam olduğun və görməyə başqa işinin olmadığı mənasına gəlmir. Bu hörmət və diqqət tələb edən sənətdir. Bunu birinci növbədə öz yaxınlarına sübut edə bilsən,  qalanı asan olacaq, çünki yaxınların həmişə səni dəstəkləyəcəklər.  

Bu işdə həmçinin leqal problemlər də var, çünki qraffitiyə bütün dünyada olduğu kimi bizdə də icazə yoxdur. Əgər gecə harasa şəkil çəkməyə çıxsan, bunun riskli olduğunu bilməlisən. Çünki səni cərimələyə, hətta həbs də edə bilərlər.  

Keyfiyyətli boyaların olmaması kimi tekniki problemlər də mövcuddur.  Bu problemi də xaricdən özümüzlə boya gətirməklə və ya xaricdə olan dostların vasitəsi ilə həll edirik. 

Prinsipcə, kifayət qədər problemimiz var. Amma hesab edirəm ki, istək varsa, istənilən çətinliyi dəf etmək olar. 

Küçə rəssamı: "Biz qraffitilərimizi Bakının koloriti ilə uyğunlaşdırırıq" – MÜSAHİBƏ, fotoşəkil-3

- Qraffiti mədəniyyəti bizdə nə qədər inkişaf edib? Şəhərimizdə onun inkişafına nə mane olur?

- Təəssüf ki, qraffiti bizdə o qədər də çox yayılmayıb. Səbəbisə belə rəssamların azlığı və onlara özünüifadə üçün meydanın verilməməsidir. Əgər dövlət səviyyəsində bizim üçün imkanlar yaradılsa, leqal divarlar ayrılsa, müəyyən dövlət tədbirləri olsa, əlbəttə ki, bu incəsənət növü çox məşhurlaşar. Ancaq hələlik  bunlar baş vermir.  Amma biz inanırıq ki, sizin də sayənizdə bizi kimsə eşidəcək və tədbirlər görəcəklər. Axı, hər şeyi gözəl eləməklə bu sənəti də düzgün tərəfdən göstərmək və gənclərə stimul vermək olar. 

Bizim gözəl şəhərimiz, çoxlu maraqlı divarlarımız var. Biz qraffitini yerli koloritə uyğunlaşdırıb Bakıya adaptasiya eləmək istəyirik. Amma bunun unkişafı üçün dövlətin icazəsi lazımdır. Ümid edirik ki, bizi eşidəcəklər və bizə rəsm çəkmək üçün divarlar verəcəklər. Sadəcə olaraq, hər şeyi qanun çərçivəsin eləməyimiz üçün imkan verilməlidir. 

İnsanlar bu sahəylə maraqlanırlar. Bu mədəniyyətin yayğınlaşmasına imkan verilsə, məncə, böyük işlər görmək olar.

- Hip-hop mədəniyyətindən başqa nəyə marağınız var?

- Mənim maraq dairəm həmişə yenilənir. Eyni yerdə fırlanmağı sevmirəm. Məni maraqlandıran hər şeyi yoxlamağa həvəsliyəm. Video çəkilişlərlə məşğulam, fotoqrafiya sahəsində özümü sınayıram, "bit"lərlə mətn yazıram, hip-hop mədəniyət  nümayəndələrini üçün tədbirlər təşkil edirəm. Yanaşmam belədir: yaxşı nə varsa götürmək, sintez eləmək və yeni nəsə yaratmaq.

Küçə rəssamı: "Biz qraffitilərimizi Bakının koloriti ilə uyğunlaşdırırıq" – MÜSAHİBƏ, fotoşəkil-4

- Gələcək planlarınızı bizimlə bölüşərdiniz.

- Planlar çoxdur, hətta bəzən beynim onların çoxluğundan qaynar qazana dönür. Ayaqda qalmaq, təmin olunmuş həyat yaşamaq, özümü və ailəmi təmin etmək kimi maddi planlarım var. Mənəvi cəhətdən  isə daxili harmoniyaya, insanlara kömək və yaxşılıq eləməyə çalışıram.

Əsas planım – cəmiyyətə yararlı, ləyaqətli insan olmaqdır! 

Azərbaycan gəncliyinə də müraciət etmək istərdim: dostlar, vaxtınızı boş keçirməyin! Yaradın, dünyanı gözəlləşdirin! Ölkəmizin gələcəyi gəncliyin əlindədir. Özünüz olmaqdan qorxmayın, özünüzü kəşf edin. Dəstək lazımdırsa, qapılarımız üzünüzə açıqdır. Biz də öz təcrübəmizi yenilərə öyrətmək üçün tədbirlər keçiririk.

Hip-hop mədəniyyət nümayəndələri dünyada çoxdur və biz bir ailə kimiyik. Şüarımız isə birdir: xeyiri, pozitivi, sevgi və hörməti yaymaq!

Söhbətləşdi: Züleyxa İsmayılova 

Bakucity.az 

Küçə rəssamı: "Biz qraffitilərimizi Bakının koloriti ilə uyğunlaşdırırıq" – MÜSAHİBƏ, fotoşəkil-5 Küçə rəssamı: "Biz qraffitilərimizi Bakının koloriti ilə uyğunlaşdırırıq" – MÜSAHİBƏ, fotoşəkil-6 Küçə rəssamı: "Biz qraffitilərimizi Bakının koloriti ilə uyğunlaşdırırıq" – MÜSAHİBƏ, fotoşəkil-7 Küçə rəssamı: "Biz qraffitilərimizi Bakının koloriti ilə uyğunlaşdırırıq" – MÜSAHİBƏ, fotoşəkil-8 Küçə rəssamı: "Biz qraffitilərimizi Bakının koloriti ilə uyğunlaşdırırıq" – MÜSAHİBƏ, fotoşəkil-9 Küçə rəssamı: "Biz qraffitilərimizi Bakının koloriti ilə uyğunlaşdırırıq" – MÜSAHİBƏ, fotoşəkil-10 Küçə rəssamı: "Biz qraffitilərimizi Bakının koloriti ilə uyğunlaşdırırıq" – MÜSAHİBƏ, fotoşəkil-11 Küçə rəssamı: "Biz qraffitilərimizi Bakının koloriti ilə uyğunlaşdırırıq" – MÜSAHİBƏ, fotoşəkil-12
Qraffiti Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər