Heydər Əliyev Mərkəzində “Heksameron” əsəri təqdim olunacaq
Bakucity.az xəbər verir ki, martın 7-də Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə olaraq “Heksameron” əsəri altı ölkə pianoçularının birgə ifasında təqdim ediləcək.
Heydər Əliyev Mərkəzindən bildirilib ki, konsert proqramında ölkəmizlə yanaşı, ABŞ, Almaniya, Çin, Rusiya və Yaponiyadan olan tanınmış pianoçular iştirak edəcəklər.
Konsert proqramında “Heksameron” əsərini ölkəmizdən Murad Hüseynov, ABŞ-dan Nikolas Rot, Almaniyadan Katarina Troytler, Çindən Yundi Xu, Rusiyadan Rustem Saytkulov və Yaponiyadan Atsuşi İmada altı royalda ifa edəcəklər. Tanınmış pianoçuları konsertdə Fuad İbrahimovun dirijorluğu ilə simfonik orkestr müşayiət edəcək. Repertuara, eyni zamanda, pianoçuların solo və orkestrlə çıxışları da daxildir.
Qeyd edək ki, “Heksameron” fortepiano üçün birgə kompozisiyadır. O, italyan bəstəkarı Vinçentso Bellininin “Puritanlar” operasından “Puritan marşı” mövzusunda altı variasiyadan ibarətdir. Mürəkkəb tərkib hissələrini özündə birləşdirən bu əsər dünyada nadir hallarda ifa olunur. Əsərin adı kainatın 6 günə yaradılmasını simvolizə edir və strukturu, altı bəstəkarın həmmüəlliflik konsepsiyası da bununla bağlıdır.
Bakucity.az