Bakının Teatr Muzeyində “Nəsillərdən nəsillərə ötürülən sənət” adlı sərgi açıldı

Bakının Teatr Muzeyində “Nəsillərdən nəsillərə ötürülən sənət” adlı sərgi açıldı , Javid

Sərgidə 50-dək əl işi nümayiş olunur

Bakucity.az xəbər verir ki, fevralın 20-də Azərbaycan Gənclər Fondunun dəstəyi və Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə gənc şəbəkə ustası İlqar Rəsulzadənin “Nəsillərdən nəsillərə ötürülən sənət” adlı fərdi sərgi açılıb.

Sərgidə İ. Rəsulzadənin müxtəlif forma və üslublarda hazırladığı 50-dək əl işi nümayiş olunur.

Sərginin açılışından öncə Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Sərgidə nümayiş olunan əsərlərlə bağlı təəssüratlarını bölüşən muzeyin direktoru bildirib ki, dördüncü nəsil gənc şəbəkə ustası, “İlin gənci “ mükafatçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü İlqar Rəsulzadə bu irsin sirlərinə yiyələnməklə yanaşı, şəbəkə sahəsində öz dəsti xəttini də yaradıb. Qeyd edilib ki, şar, kürə formalı şəbəkə, şəbəkədən çılçıraqlar, müxtəlif tədbirlərin loqoları, şəbəkənin düz müstəvidən çıxarılması, şüşənin müxtəlif materiallarla əvəzlənməsi, 42-ci Şahmat Olimpiadası çərçivəsində kiçik kubokların, şəbəkədən şahmat fiqurlarının hazırlanması onun bu sahəyə gətirdiyi yeniliklərdəndir.

Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtəgin Salamzadə, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək şəbəkə ustasının sənətə olan sevgisindən, ölkəmizdə və dünyada peşəkar sənətkar kimi tanınmasından bəhs ediblər. Qeyd edilib ki, tətbiqi sənət sahəsində ilk dəfə olaraq müəllif hüquqlarının qorunması sahəsində patentin, eskizlərə şəhadətnamələrin alınması məhz onun adı ilə bağlıdır.

Bildirilib ki, o, dünyanın nəhəng sənətkarları Oskar Murillo və Reza Degati ilə iş birliyi qurmaqla, Vatikanda, Ukraynada , Gürcüstanda yerləşən katolik kilsələrdə, Vatikanın Qafqaz üzrə Nümayəndəliyində, habelə Şəkixanovların Ev Muzeyi, Gəncədə Şah Abbas Məscidi, Bərdə türbəsinin bərpasında, Yevlax və Tərtər şəhərlərində Heydər Əliyev Muzeyinin tərtibatında yaxından iştirak edib.

Bakucity.az

“Nəsillərdən nəsillərə ötürülən sənət”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər