Bakıda səhər vaxtı haradan qəhvə almaq olar? - ARAŞDIRMA

Bakıda səhər vaxtı haradan qəhvə almaq olar? - ARAŞDIRMA

Paytaxtda yetərincə qəhvəxana yoxdurmu?

Dünyanın bir çox şəhərlərində səhər vaxtı işə gedənlərin yolunun üstündə qəhvə satan obyektlərə rast gəlinir. Biz filmlərdə əllərində qəhvə dolu plastik stəkanlarla ofisə gələn insanları tez-tez görürük. Çünki səhər çağı qəhvə içmək çoxları üçün gümrahlaşmaq, yuxudan ayılmaq üçün ən effektiv vasitə sayılır. Bakıda isə "Take away" xidməti hələ də yetərincə populyar deyil. Şəhər mərkəzindən savayı başqa yerlərdə, yolüstü qəhvəxanalara, qəhvə satıcılarına o qədər də rast gəlinmir. Bu dəfəki araşdırmasında Bakucity.az şəhərimizdə "Take away" xidmətinin necə işləməsi, onun nə qədər sərfəli olması, qəhvə mədəniyyətinin inkişaf problemlərini araşdırıb. Materialı oxucularımıza təqdim edirik. 

Bakıda qəhvə mədəniyyətinin inkişafına nə maneə olur?

Bakıda əksər iş yerləri saat 9-da və ya 10-da açılır. Paytaxtın əksər qəhvəxanaları da adətən səhər saat 9 radələrindən işləməyə başlayırlar. Amma son vaxtlar bir çox qəhvəxanalar səhər saat səkkiz radələrindən ziyarətçilər üçün öz qapılarını açmağa başlayıblar.

Bakıda səhər vaxtı haradan qəhvə almaq olar? - ARAŞDIRMA, fotoşəkil-1

“Coffeemania” qəhvəxanasının direktoru İsgəndər Qasımov saytımızla açıqlamasında bildirdi ki, Bakıda səhər tezdən işə qəhvə ilə getmək istəyənlərlərin sayı az deyil, amma nədənsə "Take away" xidməti göstərən müəssələrin sayı elə də çox deyil:

"Bakıda səhər saat 8-də açılan müəssisələr azdır, olanlar da əsasən, paytaxtın mərkəzi rayonlarında fəaliyyət göstərirlər. Bu, belə xidmət göstərənlər üçün müəyyən dərəcədə sərfəlidir, çünki rəqabət böyük deyil. Ümumiyyətlə, bizdə qəhvə mədəniyyəti o qədər də inkişaf etməyib, bəlkə də bu, insanların qəhvənin faydalarını bilməmələrindən, qəhvəyə öyrəşməmələrindən qaynaqlanır".

İ.Qasımovun fikrincə, bu amil şəhərin onsuz da elə də çox olmayan müəssilərində  keyfiyyətli qəhvə tapmağın çətinliyindən də qaynaqlana bilər: 

"Digər ölkələrdə məşhur  olan brend qəhvəxanalar Bakıda yenicə fəaliyyət göstərməyə başlayıblar.  Kifayət qədər tanınmayan müəssəsiələrin sahibləri isə düşünürlər ki, tələbat olmadığına görə obyekti səhər tezdən açmaq sərfəli deyil". 

Bakıda səhər vaxtı haradan qəhvə almaq olar? - ARAŞDIRMA, fotoşəkil-2

Çay, yoxsa qəhvə?

Növbəti müsahibimiz, “Barista&Cheef” müəssisəsinin əməkdaşı Elnur Hakimov deyir ki, insanlar  işə gedərkən qəhvə ala bilsinlər deyə, məkanı səhər tezdən açırlar:

 ""Barista&Cheef" səhər 08:30-da artıq açıq olur. Biz müştərilərimizə tək qəhvə deyil, səhər yeməkləri də təklif edirik. Bundan başqa, bizdə "Take away" xidməti, yolüstü işə gedənlər üçün xüsusi pəncərə var.  Artıq səhər tezdən özü ilə işə isti qəhvə aparan daimi müştərilərimiz yaranıb".

Müəssisənin əməkdaşının sözlərinə görə, bu xidmətdən gəlir əldə etmək mümkündür və müştərilərin də sayı kifayət qədər çoxdur:

"Hər 15-20 dəqiqədən bir bizim daimi müştərilərimiz və ya yoldan keçənlər içkilərimizi alırlar. Səhər çağı bizə 15 nəfərə qədər müştəri yaxınlaşa bilir. Deyə bilərəm ki, bakılılar arasında səhər tezdən qəhvə almaq ənənəsi kifayət qədər yayğındır".

Bununla belə, Elnur Hakimov hesab edir ki, Bakıda qəhvə mədəniyyəti hələ inkişaf etməyib, amma zaman keçdikcə, qəhvə  populyarlığına görə çayı ötüb keçəcək: "Paytaxtın qonaqları əksərən yalnız qəhvə almağa üstünlük verirlər, artıq şəhər sakinləri də məkanımızda daha çox qəhvə sifariş edirlər". 

Paytaxtın ən populyar kafeteriya şəbəkələrindən olan “Starbucks” da müştərilərə xidmət etmək üçün səhər tezdən işə başlamağa üstünlük verir.

Bakıda səhər vaxtı haradan qəhvə almaq olar? - ARAŞDIRMA, fotoşəkil-3

“Starbucks”ın menecerinin dediyinə görə, səhər tezdən tünd qəhvə almaq istəyən müştərilərin sayı kifayət qədər çox olur:

“Bakıda işə başladığımız gündən etibarən səhər tezdən qəhvə almaq istəyən daimi müştərilərimiz yaranıb. Hətta biz artıq bilirik ki, hansı müştəri dəqiq nə zaman gələcək. Səhər vaxtı bizdə masa arxasında oturmaq istəyən müştərilərimiz demək olar ki, olmur. Əvəzində "Take away"ə üstünlük verənlər çoxdur. Mən hesab edirəm ki, bu xidmət biznes üçün çox sərfəlidir".

Qəhvəxananın əməkdaşının qeyd etdiyi kimi bakılılar  getdikcə daha çox qəhvəyə üstünlük verməyə başlayırlar. “Starbucks”da da qəhvə almaq istəyənlərin nisbət faizi  70%-i təşkil edir. “Starbucks” kafesində doqquz çay növünün olmasına baxmayaraq, müştərilərin yalnız 30%-i  ənənəvi Azərbaycan çayını sifariş edirlər. 

Beləliklə, bakucity.az-ın bu araşdırmasından sonra məlum oldu ki, paytaxtdakı qəhvəxanaların çox az qismi səhər tezdən fəaliyyətə başlayır. Son illərdə paytaxt sakinləri arasında işə gedərkən qəhvə götürməyə adət edən insanların sayı artsa da, bu hələ "Take away"  mədəniyyətinin formalaşması mənasına gəlmir. 

Züleyxa İsmayılova

Bakucity.az

ARAŞDIRMA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər