Bakıda Nəsimi yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi keçirilir

Bakıda Nəsimi yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi keçirilir

Qaliblərə 1 000 manatdan 1 0000 manata qədər mükafat ayrılıb.

Bakucity.az xəbər verir ki, İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şairə ithaf” adlı açıq respublika rəsm müsabiqəsi Mədəniyyət Nazirliyi ilə Rəssamlar İttifaqı tərəfindən keçirir.

Müsabiqənin məqsədi şairin həyat və yaradıcılığına müstəqil, yaradıcı rəssam baxışını əyaniləşdirmək, onun alt qatı oxucularını düşündürmək və duyğulandırmaq  gücündə olan poeziyasının obrazlı-bədii  tutumda ifadəsinə imkan verən yeni-yeni rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin, o cümlədən kitab qrafikası nümunələrinin yaradılmasına nail olmaqdır.

Müsabiqədə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, şagirdlər və tələbələr iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunacaq əsərlərə Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının mütəxəssislərindən və tanınmış rəssamlardan ibarət Komissiya tərəfindən baxış keçiriləcək.

Heykəltəraşlıq, rəngkarlıq, qrafika (o cümlədən kitab qrafikası), dekorativ-tətbiqi sənət nominasiyaları üzrə mükafatlar və diplomlar təqdim ediləcək.

Kitab qrafikası üzrə müsabiqəyə təqdim olunan əsərlər qrafikanın  bütün texnikalarında (rəsm, ofort, linoqravüra, ksiloqrafiya, litoqrafiya, akvarel, qarışıq texnika və s.) yerinə yetirilə bilər. Bu nominasiya üzrə illüstrasiya-əsərlərin ölçüləri A3 və A4 formatında tərtibatsız-çərçivəsiz təqdim olunmalıdır.

Əsərlər “deviz” və “şifr” ilə təhvil verilir. Bağlı zərfin içində iştirakçı rəssamın soyadı, adı, atasının adı, təvəllüdü, telefon nömrələri, əsərin adı, ölçüsü və texnikası qeyd olunmalıdır. Təhvil verilən hər bir əsərin arxa tərəfində, “deviz”, “şifr” yazılmalıdır.

Münsiflər heyəti tərəfindən seçilərək I, II, III yerlərə və həvəsləndirici mükafatlara layiq görülən əsərlər Mədəniyyət Nazirliyinə (Azərbaycan Dövlət Rəsm Qalereyasına) təhvil verilməlidir.

Müsabiqənin mükafat fondu aşağıdakı qaydadadır:

I yer (bir nəfər)- 10 000 manat

II yer (bir nəfər)- 7000 manat

III yer (bir nəfər)- 5000 manat

Həvəsləndirici mükafat:

8 nəfər hər biri - 1000 manat

Hazır əsərlər 2019-cu il oktyabrın 10-dan 15-dək Azərbaycan Dövlət Rəsm Qalereyasına (Bakı şəhəri, Neftçilər prospekti, 49, Muzey Mərkəzinin 1-ci mərtəbəsində 11-ci otaq, əlaqə telefonları; + 994 493 93 85, +994 12 493 86 33) təqdim olunmalıdır.

Bakucity.az

10000 manat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər