Bakıda ilk dəfə "Kibertəhlükəsizlik həftəsi" keçiriləcək

Bakıda ilk dəfə "Kibertəhlükəsizlik həftəsi" keçiriləcək

Forumun keçirilməsində əsas məqsədlər açıqlandı

Bakucity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda ilk dəfə olaraq 11-15 mart 2019-cu ildə beynəlxalq "Kibertəhlükəsizlik həftəsi" keçirəcək.

Bunu nazirliyin Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanov deyib. Onun sözlərinə görə, "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində aidiyyatı qurumlarla birgə "Hackathon" müsabiqəsi, "Kibertəhlükəsizlik həlləri üzrə seminar", "Dayanıqlı və təhlükəsiz bulud mühiti və s. bu kimi mövzularda tədbirlər təşkil ediləcək.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçiriləcək", - deyə o qeyd edib.

Forumun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır. Foruma təkcə ölkəmizin deyil, eyni zamanda, region ölkələri və nüfuzlu beynəlxalq təşkilatların da nümayəndələri cəlb olunacaqlar.

Tədbirdə “Regionun Kibertəhlükəsizlik Məsələləri”, “Kibertəhlükəsizlik və Beynəlxalq Hüquq”, “Kibertəhlükəsizliyin İnnovativ Həlləri”, “Uşaqlar üçün Təhlükəsiz İnternet” kimi mövzularda sessiyalar təşkil olunacaq.

Müzakirələrdə hökumət, biznes, diplomatik korpusların səlahiyyətli nümayəndələri, elm və vətəndaş cəmiyyətinin, internet ictimaiyyətinin mütəxəssisləri iştirak edəcəklər. (ONA)

Bakucity.az

"Kibertəhlükəsizlik həftəsi"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər