Bakı məscidlərində təhlükəsizlik necə qorunur? - ARAŞDIRMA

Bakı məscidlərində təhlükəsizlik necə qorunur? - ARAŞDIRMA, Javid

Paytaxtın dini mühitinə təhdidlər varmı? 

Terror aktı nəticəsində Yeni Zellandiyanın Kraystçorç şəhərində iki məscid dağıdıldı, təxminən 50 nəfər həlak oldu.  Bu qanlı hadisələrdən sonra, bütün dünyanın diqqəti yenidən dini zəmində baş verə biləcək terror aktlarına və təhlükəsizlik məsələlərinə yönəldi. Dünyada elə bir şəhər  yoxdur ki, belə hadisələrdən sığortalansın. Bəs Bakıda necə, məscidlərə hər hansı bir təhlükə varmı? Ümumiyyətlə, paytaxt məscidlərində təhlükəsizlik necə təmin olunur? Dini zəmində hansısa qarşıdurma yarana bilərmi? Bakucity.az bu suallara cavab tapmaq üçün məşhur ruhani və teoloq Hacı Şahin Həsənlidən açıqlama alıb. Açıqlamanı təqdim edirik. 

"Məşədi Dadaş" məscidinin axundu, məşhur ilahiyyatçı və teleaparıcı Hacı Şahin Həsənli mövzu ilə əlaqədar açıqlmasında bildirdi ki, ksenefobiya, dini nifrət kimi davranışlar xalqımıza xas deyil:

Bakı məscidlərində təhlükəsizlik necə qorunur? - ARAŞDIRMA, fotoşəkil-1

"Prinsipcə, ksenofobiya bütün azərbaycanlılara yad olduğu kimi bakılılara da yaddır. Allaha şükür, bizdə tarixən elə vəziyyət yaranmışdır ki, müxtəlif dinlərin və millətlərin nümayəndələri yan-yana yaşayıblar və həmişə bir-birinə dostcasına kömək ediblər. Bakı mühiti öz xüsusi mehribanlıq və xeyirxahlığı ilə həmişə tanınıb. Bakı çoxları tərəfindən məhz bu mənəvi auraya görə sevilir. Biz haqlı olaraq bununla fəxr edirik, amma unutmaq olmaz ki, heç kim belə hadisələrdən sığortalanmayıb. Biz ümid edirik ki, ayrı-ayrı təzahürlərin mümkün ksenofobik əhval-ruhiyyəsi heç nəyi dəyişməyəcək”.

Bundan başqa, Ş. Həsənli əmindir ki, Bakıda dindarlar üçün dinc mühit hökm sürür. 

"Ümumiyyətlə, dini mühitdə xüsusi təhlükə yoxdur. Xoşbəxtlikdən bizdə dindarların mənəvi mədəniyyəti yüksək səviyyədədir. Müxtəlif icmaların nümayəndələri arasında münasibətlər qarşılıqlı etimad və anlaşma prinsipləri əsasında qurulub".

Həsənli həmçinin bildirib ki, şəhərimizdə az da olsa, müəyyən radikal cərəyanlar var:

"Onlarla müvafiq dövlət qurumları məşğul olur. İcmaların özləri də bu məsələdə hüquq-mühafizə orqanları ilə yanaşı sayıqlıq göstərirlər. Qafqaz Müsəlmanları İdarəsi və bütövlükdə fərdi icmalar daim müxtəlif növ maarifləndirici tədbirlər, müxtəlif dinlərin nümayəndələriylə görüşlər keçirirlər və mövcud mövzularda birgə müzakirələr aparırlar".

Bakı məscidlərinə qarşı hansısa təhdid varmı sualına, axund, təəssüf ki, heç bir ölkənin təhdidlərdən sığortalanmadığı cavabını verib:

Bakı məscidlərində təhlükəsizlik necə qorunur? - ARAŞDIRMA, fotoşəkil-2

“Eyni zamanda, terrorun eqo-mərkəzli dəyərlərə sahib bir cəmiyyətin xəstəliyi olduğunu nəzərə almalıyıq. Fərdiçiliyin hökm sürdüyü cəmiyyətdə məsuliyyət hissi olmur. Hər şeyin şəxsi zənginlik və izzət arzusu üzərində qurulduğu yerdə isə terrorizm qaçılmazdır. Çünki terror eqoist ambisiyalardan qaynaqlanan bir etirazdır. Ona görə də, mənəvi dəyərləri qəbul etmədikcə, bu cür cinayətlərin olma ehtimalı yüksəkdir", - deyə Şahin Həsənli bildirib.

Sonda isə qeyd edək ki, Bakıda da bir dəfə məsciddə dini zəmində təxribat baş verib. 17 Avqust 2008-ci ildə paytaxtın Əbu-Bəkr məscidində baş vermiş partlayış azərbaycanlıların yaddaşında həmişəlik qalacaq. Axşam namazında məscidin pəncərəsindən içəri qumbara atılmışdı. Partlayışda üç nəfər həlak olmuş, təxminən 10 nəfər isə yaralanmışdı. Bakıda məsciddə belə bir cinayət ilk və yeganə hadisədir. 

Ümid edirik ki, nə bizim ölkəmizdə, nə də başqa ölkələrdə insanlığa qarşı bu cür cinayətlər təkrarlanmayacaq!

Züleyxa İsmayılova

Bakucity.az

Hacı Şahin Həsənli
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər