Novruz bayramı münasibətilə Bakıda kitab sərgiləri açıldı

Novruz bayramı münasibətilə Bakıda kitab sərgiləri açıldı

Həmin gün kitabxanada tədbir də təşkil olunub

Bakucity.az xəbər verir ki, martın 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Cəfər Cabbarlı – 120”, “İsmayıl Şıxlı – 100”, “Mehdi Hüseyn – 110” və “Zeynal Xəlil – 105” adlı geniş kitab sərgilərinin açılışı olub.

Milli Kitabxanadan verilən məlumata görə, həmin gün Novruz bayramı münasibətilə tədbir də keçirilib.

Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq iştirakçıları tarixlərdən bəri süzülüb gələn, qədim bayramlardan ən möhtəşəmi olan, ruh yüksəkliyini, əmək coşğunluğunu özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edib. O, Novruz bayramının tarixindən, ənənələrindən, atributlarından danışıb. 

Daha sonra direktor XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarından olan, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan və Azərbaycan Prezidentinin sərəncamları ilə bu il yubileyləri qeyd olunan Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının, eləcə də görkəmli yazıçı, nəzəriyyəçi və tənqidçilərdən biri olan Xalq yazıçısı Mehdi Hüseynin və Əməkdar incəsənət xadimi, şair, dramaturq Zeynal Xəlilin həyat və yaradıcılığından danışıb, onların irsinin təbliğinin əhəmiyyətini vurğulayıb.

Sonda tədbir iştirakçıları görkəmli yazıçıların müxtəlif dillərdə olan əsərlərindən, həyat və yaradıcılıqlarına dair materiallardan ibarət kitab sərgiləri ilə tanış olub.

Bakucity.az

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər