Paytaxtın bir çox ictimai obyektlərində yanğın təhlükəsizliyi sistemi yoxdur
"Diqlas" Ticarət Mərkəzindəki dəhşətli yanğından sonra, insanların sıx toplaşdığı yerlərdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması məsələsi bir daha ciddi şəkildə gündəmə gəldi. Sirr deyil ki, paytaxtın ictimai obyektlərinin əksəriyyətində təhlükəsizlik məsələlərinə laqeydlik göstərilir. "Diqlas"da baş verən yanğında da obyektdə yanğın təhlükəsizliyinə riayət olunmadığı üzə çıxmışdı. Nəticədə yanğın ümumilikdə 200 milyon dollarlıq ziyana səbəb olmuşdu. Sual yaranır: ictimai əhəmiyyətli obyektlər niyə yanğından mühafizə sistemi ilə təmin olunmur, bunun üçün nələr edilməlidir?
Bir çox obyektlər təhlükəsizlik qaydalarına məhəl qoymurlar
Bakıda yanğından mühafizə sisteminin quraşdırılması üzrə "Lider Yanğın" şirkətinin əməkdaşı Babək Nağıyev saytımıza açıqlamasında yanğın təhlükəsizliyini təmin etmək üçün ictimai binalarda hansı işlərin görülməsinin vacibliyi haqqında danışıb:
"Hər bir müsəssisədə rəhbərlik yanğınsöndürənləri çağırmaq üçün əlaqə telefonları olan lövhələr quraşdırmalıdır. Əgər bina çoxmərtəbəlidirsə hər mərtəbədə bu lövhələr olmalıdır. Bundan başqa, hər yerdə mütləq fövqəladə vəziyyətlər zamanı insanların evakuasiyası planı olmalıdır".
B. Nağıyev əməkdaşlar üçün mütəmadi təxliyə məşqlərin keçirilməsinin zəruri olduğunu da vurğulayıb. O bildirib ki, şəhərimizdə belə bir praktika yoxdur: "Yaxşı olardı ki, siqaret çəkən əməkdaşlar üçün xüsusi otaqlar və ya yerlər ayrılsın. Burada təhlükəsizlik sistemini qurmaq daha vacibdir".
Yanğından qorunmaq üçün otaqlarda hansı avadanlıqlar qurulmalıdır? Mütəxəssis bu məsələyə də aydınlıq gətirib:
"Yanğınsöndürən avadanlıqlar binanın hər mərtəbəsində olmalıdır. İldə bir dəfə onların dəyişdirilməsi arzuolunandır. Adətən ümumi yanğın postundan nəzarət olunan yanğın siqnalizasiya sisteminin də mövcud olması zəruridir. Ticarət mərkəzləri kimi iri obyektlərdə adətən hər mərtəbədə mühafizə xidmətini çağırmaq üçün xüsusi telefonlar quraşdırılır. Obyekt sahibləri bütün bu avadanlıqlara mütəmadi nəzarət etməlidirlər. Adətən bununla obyektin texniki departamenti məşğul olur, təbii ki, əgər belə bir departament varsa. Bizim müştərilər tez-tez bu cür yoxlamaların aparılması üçün obyektə əməkdaşımızı dəvət edirlər. Hər ay və ya yarım ildə bir dəfə belə profilaktikaların aparılması yaxşı olardı".
"Lider Yanğın" şirkətinin əməkdaşının sözlərinə görə, onlara praktiki olraq hər gün kifayət qədər müştəri müraciət edir. Amma hər halda paytaxt ərazisində olan bir çox obyektlər bütün bu qaydalara məhəl qoymurlar. Bu da sonda acınacaqlı nəticələrə gətirib çıxarır.