Bakı Rəsm Qalereyasında gənc rəssamın sərgisi açıldı

Bakı Rəsm Qalereyasında gənc rəssamın sərgisi açıldı , Javid

Sərgi iki gün davam edəcək

2 aprel - Dünya Autizm Məlumatlandırma Günüdür. Bu münasibətlə Bakı Rəsm Qalereyasında gənc rəssam Adəm Rəhimovun fərdi sərgisini təşkil etmişik. Sərgi Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə təşkil olunub. Sərgidə Adəm Rəhimovun 50-ə yaxın yağlı boya və qrafika janrında çəkdiyi milli və bəşəri mövzuları əks etdirən əl işləri nümayiş etdirilir. Bütün bunlar Adəmin sənət dünyasından xəbər verir.

Bakucity.az xəbər verir ki, bu sözləri qalereyanın direktoru Eldəniz Babayev söyləyib.

Eldəniz Babayev bildirib ki, rəhbərlik etdiyi qalereya uşaq, yeniyetmə və gənclərin yaradıcılığının inkişafı üçün müxtəlif layihələr həyata keçirir: “Bu tədbirin vasitəsilə bizim məqsədimiz Adəmin cəmiyyətdə öz layiqli yerini tapmağa təşviq etməkdir. Eyni zamanda, gənc rəssamın simasında xüsusi qayğıya ehtiyacı olan digər gənclərə dəstək verməkdir”.

Adəm Rəhimovun sənət dünyasından söz açan Xalq artisti Ramiz Məlik bildirib ki, onun Qarabağ mövzusunda təsvir etdiyi kompozisiya, təbiət mövzuları və natürmortlar çox rəngarəng və lakonikdir. Onun gənc olmasına baxmayaraq, özünü təsdiqləməsi çox təqdirəlayiqdir.

Tədbirdə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevi, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov və başqaları çıxış edərək gənc rəssamın əsərlərini yüksək qiymətləndirərək ona yeni-yeni uğurlar arzulayıblar.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgi iki gün davam edəcək. (AzərTac)

Bakucity.az

Bakı Rəsm Qalereyası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər