Bakıda “Artım” layihəsində finisaj olacaq

Bakıda “Artım” layihəsində finisaj olacaq, Javid

“Təcrübə. Düşüncə. Nəticə” sərgisinin finisajı olacaq.

Bakucity.az xəbər verir ki,Aprelin 5-də “Artım” layihə məkanında açılan “Təcrübə. Düşüncə. Nəticə” sərgisinin finisajı olacaq.

“Artım” lab layihəsi çərçivəsində reallaşan sərgidə rəssamlar Günay Əliyeva, Roman Qocayev, Yunis Novruzov, Şəlalə Salamzadə və Sofiya Əhədovanın müxtəlif spektrli instalyasiyaları nümayiş edilir.

Günay Əliyeva məkana uyğunlaşan “Yola vermə. Yolunu vermə. Azarsan” adlı poetik instalyasiyasında öz həyat prinsip və düşüncələrini bölüşür. Sözün əsl mənasında üç kəlmə ilə Artım lab layihəsində keçdiyi yolu xarakterizə etmək istəyən gənc araşdırmaçı-rəssam əl izlərinin xətləri ilə öz avtobioqrafiyasını təsvir edir.

Roman Qocayevin “Məni var edən şey yoxluğumdur” adlı instalyasiyası şəxsi təcrübədən qaynaqlanır. Rəssam stereotiplər, mental və fiziki dəyərlərin hökm sürdüyü cəmiyyət ideyası ətrafında öz mövqeyini göstərməyə çalışır. İnstalyasiya Qocayevin uşaqlıq təsəvvürlərinin və yetkin yaş təcrübəsinin əsasında ərsəyə gəlib.

Sofiya Əhədovanın “Ksenofobiya xəritəsi” humanizm ideyalarını vurğulayaraq, demoqrafiya xəritəsinin sürətli dəyişməsində rolu olan emiqrasiya və qloballaşma kimi mövzulara də toxunur.

Şəlalə Salamzadənin “DIV” (Digital Intelligent Void) instalyasiyası bir-birinə zidd olan xaos və harmoniya ideyalarını əks etdirir. Şəlalə rəqəmsal dövrdən başlayaraq bəşəriyyət tarixini analizə edib, kəskin sistem dəyişiklikləri, kritik situasiyaları, münaqişələrin başlandığından əvvəl insanların adi gündəlik həyat tərzi sürdüyünü və heç nədən xəbərsiz olduqlarını vurğulayır.

Yunis Novruzov Bakı Qız qalasının tarixi, təyinatı və etimologiyasını uzun illər ərzində araşdıraraq, abidənin qədim musiqi aləti olan balabanla əlaqəsini müəyyən edib. Bu qənaətə o, Naxçıvanın Nəsirvaz kəndinin petroqlif-piktoqramları hərflərə böldükdən sonra gəlmişdir. Vizual olaraq analogiyanı kinetik instalyasiya vasitəsilə çatdırmağa çalışan Yunis, hər ikisinin mədəniyyətimizdə qədim tarixə malik olmasını göstərməyə çalışır. (AZƏRTAC)

Bakucity.az

“Təcrübə. Düşüncə. Nəticə” sərgisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər