Beynəlxalq "Turizm və Səyahətlər" sərgisi AITF 2019 bu gün başa çatacaq
Bakucity.az xəbər verir ki, aprelin 4-dən etibarən paytaxtda keçirilən 18-ci Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" sərgisi AITF 2019 "Bakı Expo Mərkəzi"də öz işini davam etdirir.
“Bütün dünya. Bir sərgi” şüar altında keçirilən “AITF 2019” sərgisində dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat iştirak edir. Onlardan Belarus, Bolqarıstan, Çex Respublikası, Çin, Dominikan Respublikası, Gürcüstan, İtaliya, Mərakeş, Tailand və Türkiyənin milli qrupları öz ölkələrinin milli turizm büroları və səfirlikləri tərəfindən göstərilən dəstək sayəsində sərgidə iştirak edir. Roqaşka Stalina (Sloveniya), Stavropol regionu (Rusiya), Odessa, Truskavets və Lvovun kollektiv stendi (Ukrayna), İzmir (Türkiyə) regionları sərgidə regional stendlə çıxış edirlər. İranın Maku Azad Ticarət zonası isə bu il sərgidə ilk dəfə iştirak edir.
Milli və regional stendlərdə kurort və sanatoriyalar, turizm şirkətləri və mehmanxana şəbəkələrinin nümayəndələri çalışırlar.
Bu il tədbirdə debüt edən Azərbaycan Turizm Bürosu Azərbaycanın yenilənmiş turizm brendini öz stendində təqdim edir. Azərbaycanının turizm şirkətlərini, eləcə də otel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyası isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təkliflər silsiləsini təqdim edir.
Azərbaycan stendi sərgidə bütün ölkəmizin turizm potensialı təqdim edir.
Əyləncəli proqramlar qismində Azərbaycan hava Yolları AZAL Airlines dünən, aprelin 5-də müsabiqə keçirib. Qaliblər AZAL Airlines şirkətinin hesabına dünyanın istənilən ölkəsinə səyahət üçün güzəşt imkanları qazanıblar.
Sərgi bu gün, yəni 6 aprel tarixində başa çatacaq.