“Azərsu” içməli su layihəsinin icrasına başlayıb
Bakucity.az xəbər verir ki, “Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, “Azərsu”yun Tədbirlər Planına uyğun olaraq, Səbail rayonunun 20-ci sahə yaşayış massivində içməli su layihəsinin icrasına başlanılıb.
Səbail rayonunun 20-ci sahə massivində icra olunan layihə Gülbala Əliyev, Arif İsmayılov, Çernyaxovski və Yüzbəy Mürsəlov küçələrini əhatə edir. Həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulması planlaşdırılır.
Layihə çərçivəsində adıçəkilən küçələrdə müxtəlif diametrli borularla 5,4 km uzunluğunda su xətləri inşa edilir. Yeni şəbəkədən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq.
“Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində “+190 Badamdar” su anbarından 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsi məqsədilə 2,2 km uzunluğunda magistral su kəməri çəkilib. Bu magistralın və yeni yaradılan sistemin imkanlarından istifadə etməklə bu ərazidə yaşayan 30 mindən çox insanın su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.
20-ci sahə yaşayış massivinin su təchizatında dayanıqlıq təmin edildikdən sonra ərazidə yerləşən “Şimal” nasos stansiyasının fəaliyyəti dayandırılacaq. Layihə çərçivəsində 20-ci sahə ərazsində açıq kanallarla axıdılan tullantı suların toplanması məqsədilə 2 km uzunluğunda kanalizasiya xətlərinin tikintisi də gözlənilir.