Bakının Suraxanı rayonunda sakinlər yolu bağlayıb
Bakucity.az xəbər verir ki, Yeni Suraxanı qəsəbəsində bir qrup sakin su tələbi ilə Mərdəkan yolunu bağlayıb. Yolda böyük tıxac yaranıb. Polisin müdaxiləsindən sonra yol açılıb və avtomobillərin hərəkəti bərpa edilib.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı problemdən xəbərdar olduqlarını bildirib:
“Suraxanı rayonu Samir Əliyev küçəsində əvvəllər tamamilə su yox idi. Biz ötən illər həmin küçənin bir hissəsində şəbəkə qurmuşuq, camaata su vermişik, amma bir hissəsində hələ də içməli su, mərkəzləşmiş şəbəkə yoxdur. Həmin ərazidə olan vətəndaşlar şəbəkə qurulmasını, onların da su ilə təmin olunmasını istəyir. Camaatın tələbi odur ki, orda şəbəkə qurulsun, evlərinə su xətti çəkilsin, sayğac quraşdırılsın, evlərində su olsun. Bu bizim planımızda var, onu icra edəcəyik. Bakı şəhəri və onun ətrafı qəsəbələrində bu işlər mərhələli şəkildə həyata keçirilir. Çox kiçik bir hissə qalıb, onu da növbəti mərhələdə həll edəcəyik”. (ONA)