Bakıda xarici nömrələrlə qayda pozanlar necə cərimələnir? - AÇIQLAMA

Bakıda xarici nömrələrlə qayda pozanlar necə cərimələnir? - AÇIQLAMA, Oral Aliyev

"Qayda-qanun hamı üçün eynidir”

Belə bir iddia var ki, son günlər Bakıda xarici nömrə nişanları ilə hərəkət edən avtomobillər daha çox qayda pozur. Ümumiyyətlə, paytaxtda yol hərəkəti qaydalarını kimlər pozur? Qayda pozuntularına qarşı yol polisi hansı tədbirlər görür, təbliğat işləri aparır? Bu sualları Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovd cavablandırıb. 

Bakucity.az materialı oxuculara təqdim edir. 

Çox sayda xarici vətəndaş Bakıya şəxsi avtomobili ilə gəlir 

Vaqif Əsədov qeyd edib ki, Azərbaycan bütün sahələr üzrə yüksək göstəricilər əldə etdiyi kimi, turizm sahəsində də inkişaf edib və bu da Bakıya gələn turistlərin sayını çoxaldıb:

“Paytaxtımıza xarici ölkələr tərəfindən xüsusi maraq var və Bakıda bir-birindən möhtəşəm tədbirlər keçirilir. Bu səbəbdən də şəhərimizdə kifayət qədər qonaq gəlir ki, onların arasında nəinki gürcü və rus, digər qonşu ölkələrdən - Rusiya, Ukrayna, Türkiyə, İrandan şəxsi avtomobili ilə, hətta tranzit gələnlər də olur. Ölkədə tətbiq edilən texniki vasitələr isə imkan verir ki, kimliyindən asılı olmayaraq xəta törədənləri aşkarlayaq və məsuliyyətə cəlb edək. Yəni, istənilən ölkənin vətəndaşı, ölkəyə məxsus dövlət nömrə nişanlı avtomobillə ölkəmizə gələ bilər, amma qayda-qanun hamı üçün eynidir”. 

Bakıda xarici nömrələrlə qayda pozanlar necə cərimələnir? - AÇIQLAMA, fotoşəkil-1

Bakıda yol qəzaları azalıb

V. Əsədov bildirib ki, Bakıda rus və ya gürcü nömrələri ilə törədilən qəzaların daha çox olması və ya avtoxuliqanlıq etmələri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bakı şəhəri üzrə qeydə alınan yol nəqliyyat hadisələrini təhlil ediriksə, bütün göstəricilər üzrə dərəcələrin azaldığını və yüngülləşdiyini deməliyəm. Bu, Dövlət Yol Polisi tərəfindən keçirilən məqsədyonlü tədbirlərin, KİV-də aparılan təbliğatların, yol hərəkəti haqqında qanuna və inzibati xətalar məcəlləsinə edilən əlavə və dəyişikliklərin, həmçinin yeni texnologiyaların tətbiqi nəticəsinə əldə olunub”. 

Bölmə rəisi əlavə edib ki, BMW markalı YPX avtomobillərinin “Mersedes”lə əvəzlənməsi, “İ-patrul” sisteminin daha müasir formasının ölkəyə gətirilməsi və istifadəsi, eyni zamanda kameraların -  radarların avtomatik olaraq hərəkətə nəzarət etməsi, paytaxtda törədilən inzibati xətaların aşkarlanmasında yüksək göstəricilər əldə etməyə imkan verir. 

Bakıya gələn qonaqlar yolları tanımadıqları üçün qəza tötəridirlər

V. Əsədov onuda bildirib ki, bu gün heç bir xarici ölkədən şəxsi avtomobili ilə Bakıya gələn şəxs deyə bilməz ki, şəhərdə açıq-aşkar dələduzluq edib cəzasız qalacaq:

“Bu mümkün deyil! Təbii ki, qayda pozuntuları haqda tətbiq olunan protokolları araşdıranda görürük ki, bəli, xarici nömrələrlə qaydaları pozanlara da protokol yazılıb. Bu isə daha çox ölkəyə gələn qonaqların yolları yaxşı tanımamasından irəli gəlir”.

Bakıda xarici nömrələrlə qayda pozanlar necə cərimələnir? - AÇIQLAMA, fotoşəkil-2

V. Əsədov bildirib ki, yol hərəkəti haqqında qanun hər kəs üçün bərabərlilik prinsipinə əsaslandığı üçün Bakıya daha çox hansı ölkələrdən və ya ölkədən avtomobilin keçməsi haqda xüsusi statistika hazırlanmır. Amma gündəlik tərtib edilən protokollar və onların təhlili deməyə əsas verir ki, paytaxtda xəta törədənlərin sayı azalıb.

Bakıda yol hərəkəti qaydaları ilə bağlı təbliğat tədbirləri 

Bəzi KİV vasitələrində sadəcə yol polisinin inzibati tənbeh tədbirləri ilə seçilməsi barədə yayılan informasiyalarla razılaşmayan V. Əsədov deyib ki, yol polisi təkcə inzibati tənbeh tədbirləri görmür, təbliğat işlərinin aparılması da onların funksianal vəzifələrimizdən biridir:

“Birincisi geniş auditoriya qarşısında – avtonəqliyyat vasitələri olan müəssisələrdə, məktəblərdə və digər ərazilərdə yol hərəkəti qaydalarına dair təbliğatlar aparırıq ki, insanlar daha çox maariflənsin. İkincisi hərəkəti təşkil edirik. Hərəkətin də təşkil edilməsində funksional vəzifələrimizi yerinə yetiririk. Üçüncüsü isə xidmət apardığımız ərazilərdə törədilən xətaları aşkarladıqca qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri düzgün həyata keçiririk ki, müsbət göstəricilər əldə olunur. 

Bakıda xarici nömrələrlə qayda pozanlar necə cərimələnir? - AÇIQLAMA, fotoşəkil-3

Paytaxt məktəbliləri arasında ilk dəfə “Yol hərəkəti qaydaları və mən” mövzusunda bilik yarışı keçirildi. Sentyabr ayından bu günə qədər məktəblərdə keçirdiyimiz təbliğat xarakterli müzakirələrin hesabına məktəblilərimiz beynəlxalq dərəcəli yol hərəkəti təhlükəsizliyi ilə bağlı yarışlarda iştirak edir. Ötən il Rusiyada I-ci yerin sahibi olan 5/6-cı sinif şagirlərinini və digər ölkələrdə keçirilən böyük yarışlarda uğur qazananları nümunə gətirmək olar”.

Nəticə

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov yol hərəkəti qaydaları ilə bağlı hazırda narahatçılıq doğuran faktor kimi piyadaların avtomobillərlə vurulmasını, dayanma-durma tələblərinin düzgün yerinə yetirilməməsini və yol ayrıclarında keçmə tələblərinin pozulmasını qeyd edib. Nəticə etibarı ilə, əgər hər bir yol hərəkəti iştirakçısı öz təhlükəsizliyinin qayğısına qalarsa və yol hərəkəti haqqında qanunun tələblərini öyrənib yerinə yetirərsə, başqalarından da bunu tələb edərsə, bu, paytaxtda yol hərəkəti mədəniyyətinin səviyyəsinin yüksəlməsinə səbəb olar. 

Ramilə Qardaşxanqızı

Bakucity.az 

Yol hərəkəti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər