Ermənistan Bakıda keçiriləcək yarışa qatılmayacaq - RƏSMİ

Ermənistan Bakıda keçiriləcək yarışa qatılmayacaq - RƏSMİ

Avropa Gənclər Yay Olimpiya Festivalında iki ölkə iştirak etməyəcək. 

Bakucity.az xəbər verir ki, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib. O qeyd edib ki, Ermənistan və Lüksemburq yığmaları "Bakı-2019"-a qatılmayacaqlar. Nəticədə yarışda 50 deyil, 48 ölkə mübarizə aparacaq. 

Nazirin sözlərinə görə, əgər Ermənistan millisi yarışla bağlı müraciət etməyibsə, Lüksemburq son anda yarışa qatılmaqdan imtina edib: "Lüksemburqu biz də hələ tam dəqiqləşdirməmişik. Sadəcə hansısa səbəblərə görə qatılmayacaqlar. Bu, Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinin iclasının sonlarında bilinəcək. Ermənistanla bağlı məsələyə gəldikdə, yarışla bağlı öncədən müəyyənləşdirilən son tarix bitib. Nə Avropa Olimpiya Komitəsi, nə də biz heç bir təzyiq göstərmək fikrində deyilik. O mənadakı, gəlin, iştirak edin. Avropa Olimpiya Komitəsinə üzv ölkələrdən könüllü kim istəyir, gəlib iştirak edirlər”. 

A. Rəhimov vurğulayıb ki, ermənilər "Bakı-2019"-la bağlı heç bir tədbirə də qatılmayıblar: "Bu gün şef-de-missionların iclası keçirilir. Ondan öncə 2 dəfə Koordinasiya Şurasının toplantısı baş tutub. Burada çox mühüm bir sual var. Hər bir nümayəndənin də sualı olur. Bu, yığma komanda, yerləşmə, nəqliyyat və digər məsələlərlə bağlıdır. Bu günədək bütün yarışlar, məsələn, voleybol və ya həndbolu götürək. Komandaların adları, siyahıları həll olunub. Püşkatma mərasimi də keçirilib. Bundan sonra Ermənistan və ya Lüksemburq gəlib desə ki, mən də yarışa qatılmaq istəyirəm, onlara görə bütün sistemi dəyişə bilmərik. Ona görə ki, kifayət qədər vaxtımız yoxdur. Komanda idman növlərində Ermənistan deyil, digərləri də olsa qatıla bilməyəcəklər. Bu səbəblərdən yarışa 50 deyil, 48 ölkə qatılacaq”. 

Qeyd edək ki, yarışlar İyulun 21-28-də Bakının 12 yektində keçiriləcək. Yarışda 3600-ə yaxın idmançının iştirakı gözlənilir. 

Bakucity.az 

Bakıd yarış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər