“BİR” tələbə-könüllülər Böyük Vətən müharibəsi veteranları ilə görüşüb.
Bakucity.az xəbər verir ki, müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə Böyük Vətən müharibəsi iştirakçıları ilə görüşüb.
Tədbirdə Müdafiə Nazirliyi, xüsusi təyinatlı təhsil müəssisələri, veteran təşkilatlarının nümayəndələri, veteran ailələri və “BİR” tələbə-könüllülər də iştirak ediblər.
Görüşdə tarixi qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənlimizin canlarından keçməsini, Azərbaycan diviziyalarının müharibə tarixində parlaq səhifələr yazmasını, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrini xüsusi vurğulayıb.
Həmçinin, daha sonra Böyük Vətən müharibəsi veteranları “BİR” tələbə-könüllülər ilə görüşərək, onlarla 1941-45-ci illər Böyük Vətən müharibəsinə aid xatirələrini bölüşüblər və xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21 mindən çox tələbə-könüllü üzvə malikdir.