Paytaxtda reydlər davam etdirilir.
Bakucity.az xəbər verir ki, mayın 16-da paytaxtın Binəqədi rayonu ərazisində keçirilən reyd zamanı çirkab suları ətrafa axıtdığına görə Xocəsən qəsəbə sakini Azər Bağırov haqda İnzibati Xətalar Məcəlləsinin 264-cü (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib.
Xocəsən qəsəbə sakini Elmxan İsmayılov barəsində isə texniki suları kənara təyinatsız axıtdığına görə İnzibati Xətalar Məcəlləsinin 262-ci (Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması) maddəsi ilə tədbir görülüb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Bakı şəhər ərazisində su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirir.