Reza Deqati İranda anadan olub, amma 1979-cu ildə şahın devrilməsindən sonra ölkəni tərk etmək məcburiyyətində qalıb və o vaxtdan bəri Təbrizə qayıtmayıb:
“Qırx il bundan əvvəl İranda hakimiyyət dəyişməsindən və dini meyillərdən sonra ölkəni tərk etmək məcburiyyətində qaldım. O zamandan bəri Təbrizdə olmamışam. Hər kəs bu gün İranda nə baş verdiyini, insanların orada necə yaşadığını bilir. Azərbaycan, Türkiyə, Livan və ya Əfqanıstanda olduğum zaman özümü evimdə hiss edirəm, bu torpaqların hamısı mənim üçün vətəndir. Əsl vətənim isə Azərbaycandır. Bura mənim doğma torpağımdır, burada məni özünə bağlayan ana dilim var, amma bir aydan və ya bir ildən sonra İrana gedə bilərəm. Ümumiyyətlə, bu 40 ildə dünyanın 115 məmləkətində olmuşam və hər yerdə özümü evimdəki kimi hiss etməyi öyrənmişəm. Bu yaxınlarda Buenos-Ayresdəydim, oranın isə Azərbaycanla və ya İranla heç bir əlaqəsi yoxdur. Amma insanlarla ünsiyyət qurarkən özümü bu ölkənin vətəndaşı kimi hiss edirdim”.
Fotoqraf hesab edir ki, insanların öz vətənlərinə, evlərinə olan qətiyyətli bağlılığı onlarda müdafiə hissini yaradır:
“Əgər vətən anlayışı olmasaydı, torpaq hərisliyi də olmazdı. Yəni, ərazilərin xüsusi sahibi olmazdı və onlar digər ərazilərə göz dikməzdi. Bu yolla dünyada müharibə də olmazdı”.
Reza Deqati artıq 55 ildir ki, öz sevimli işi ilə məşğuldur və bu illər ərzində bir çox ölkəyə səyahət edib, maraqlı yerləri və əhəmiyyətli hadisələri çəkib. Hazırda fotoqraf yeni layihələr planlaşdırır ki, onlardan bəziləri haqda saytımıza məlumat verib:
“Mən Azərbaycanda çox olmuşam və bu ölkəyə həsr olunmuş şəkillər çəkmişəm, kitablar yazmışam. Amma Azərbaycanda dünyaya göstərməyə dəyər çox yerlər var ki, məhs yaxın gələcəkdə bunu etməyi planlaşdırıram.
Şəkil çəkməklə yanaşı, həm də fotoqrafiya sənətini öyrədirəm. Hər şeydən öncə isə, dünyadakı yoxsul, qaçqın ailələrdə olan uşaqlar üçün dərslər və təlimlər keçirəm. Buna görə də, istəyən hər kəsin gələ biləcəyi bir fotoqrafiya məktəbi yaratmaq istəyirəm. Azərbaycanda da belə bir məktəb yaratmağı planlaşdırıram".
O, sevimli işinin biznes tərəfinə toxunaraq, onun üçün pulun əhəmiyyətli olmadığını, əsas qaynar nöqtələrdə şəkillər çəkməyin vacib olduğunu vurğulayıb:
"Fotoqrafların işlərinin təyin olunmuş qiymətləri var, harda şəkil çəkməyimdən asılı olmayaraq onların qiyməti dəyişmir.
Lakin nəşrlərə bu gün Suriyadan şəkillər lazım deyil, çünki onlara onsuzda bütün lazimi fotolar gəlir. Əlbətdə, elə jurnallar var ki, fərqi gördüklərinə görə profesinal fotoreportajlar istəyirlər.
Ümumiyyətlə, sevimli işimin insanlara fayda gətirməsini istəyirəm. Buna görə mən əfqan qadınların, qaçqın uşaqlarının problemlərini diqqətlə öyrənib, onlara kömək etməyə çalışıram. İnsanların bomba partlayışından necə öldüyünü çox görmüşəm, hətta bir neçə dəfə özüm ölümdən dönmüşəm. Bütün bunlardan sonra, pulun, evlərin, avtomobillərin çox da əhəmiyyətli olmadığını başa düşdüm.
Mən 21 ildir “Renault Kangoo” sürürəm. Tez-tez niyə onu yenisi ilə dəyişdirmədiyimi soruşurlar. Mənim üçün avtomobilin hərəkət etməsidir, markası əhəmiyyətli deyil. Dünyada köməyə ehtiyacı olan çox sayda insanlar var...”
Qeyd edək ki, sərgi 1 oktyabr tarixinə qədər açıq olacaq.