Bakının bu ərazisində köçürülmə prosesi başlayıb

Bakının bu ərazisində köçürülmə prosesi başlayıb

30-a yaxın evin sahibi verilən qərarla razı deyil.

Bakucity.az xəbər verir ki, paytaxtın Bayıl ərazisində artıq ötən həftədən etibarən köçürülmə prosesi başlayıb. İndiyə qədər sökülən evlərin sayı isə 15-dən çoxdur.

Bu barədə sakinlər özləri məlumat veriblər. Onlar bildiriblər ki, köçürülən ailələr verilən kompensasiya ilə razıdırlar, amma məbləğlə razılaşmayanlar da var ki, onların evlərini tərk etmələri üçün rəsmi qurumlar tərəfindən məcburiyyət yoxdur.

Qeyd edək ki, ötən ay yayılan rəsmi məlumata görə Azərbaycan Nazirlər Kabineti Bakının Səbail rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi üçün 9 201 533 manat vəsait ayırıb. Həmin ərazidə 98 ailə məskunlaşıb, onlardan 6-sı 2018-ci ildə köçürülüb, hazırda orada olan 92 ailədən 27-si məcburi köçkün ailəsidir.

Sakinlər bildiriblər ki, hazırda 30-a yaxın evin sahibi verilən qərarla razı deyil.

Xatırladaq ki, Bayıl ərazisindəki "Teleqüllə" yaxınlığında olan sürüşmə səbəbindən ərazidə məskunlaşan 98 ailə 2018-ci ilin yanvar ayından etibarən 11 aylıq müddətə kirayə mənzillərə köçürülüb. Sakinlər bildiriblər ki, verilən kirayə pulu az olduğu üçün Bayıl ərazisində ev tapmaqda çətinlik çəkiblər.

Ona görə də məcbur qalıb ya kənar ərazilərdə ev tutublar, ya da öz evlərinə geri dönüblər. Yanvar ayında köçürülmə prosesi ləngidiyi üçün kirayə pulunun verilməsi yenidən mart ayına qədər uzadılmışdı. Kirayə pulunun məbləğinə gəlincə isə qeyd edək ki, normativlərə uyğun olaraq, ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 8-dən çox olanlara isə 300 manat müəyyən olunub.

Həmin əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. Hazırda da əksər evlərdə kommunal xidmətlərin verilişi bərpa olunmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə sürüşmənin aktivləşməsi ilə bağlı son zamanlar heç bir məlumat yaymayıb. Bildirilib ki, ərazidə vəziyyət stabil olaraq qalmaqdadır. (musavat.com)

Bakucity.az

köçürülmə prosesi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər