Bakı zooparkında təmirdən sonra bu möhtəşəm yeniliklər olacaq - ARAŞDIRMA

Bakı zooparkında təmirdən sonra bu möhtəşəm yeniliklər olacaq - ARAŞDIRMA, Oral Aliyev

Paytaxt zooparkında yenidənqurma işləri sürətlə davam edir

Heydər Əliyev Fondunun vitse-prezdenti Leyla Əliyevanın şəxsi təşəbbüsü və IDEA ictimai birliyinin dəstəyi ilə 2018-ci ildə Nərimanov rayonunda yerləşən Bakı zooparkının yenidənqurmasına başlanılıb. 

Bakucity.az layihənin necə həyata keçirilməsi və gözlənilən dəyişiklərlə bağlı araşdırma aparıb.

Bakı zooparkın direktoru Azər Hüseynov söhbətə hazırda zooparkda nə qədər heyvan saxlanıldığı haqqında məlumat verməklə başlayıb:

Bakı zooparkında təmirdən sonra bu möhtəşəm yeniliklər olacaq - ARAŞDIRMA, fotoşəkil-1

“Bizdə iri və kiçik vəhşi heyvanlar, müxtəlif quşlar olmaqla 140 növ üzrə mindən çox canlı saxlanılır.  “Qırmızı kitab”a adı düşən pələng, şir, ayı, tutuquşu, qartal, leylək, meymun və başqa nadir heyvan və quşlar var. Biz onların çoxalması üçün optimal şərait yaratmaq istəyirik”.

Direktor həmçinin qeyd etdi ki, zooparkda kiçik artım var: 

“Məlumdur ki, hazırda heyvanlar Qaradağda hazırlanmış xüsusi əraziyə köçürülüb. Bir həftə əvvəl orada maralın balası dünyaya gəlib. 2 həftə əvvəl isə köşək (dəvə balası)  və qaratoyuğun balası doğulub. Quşların balalaması mütamadi baş verir”.

Azər Hüseynovun sözlərinə görə, zooparka yeni heyvanalrın alınması da istisna deyil, amma bu məsələyə rekonstruksiya işləri tamamlandıqdan sonra baxılacaq: 

“Hazırda bunu müzakirə eləmək çətindir, yeni volyerlər qoyulandan sonra bu məsələ də həllini tapacaq. Amma belə planlarımız var. Zoopark tam dəyişəcək, biz onu sıfırdan yaradırıq və deyə bilərəm ki, yenidənqurma üzrə plan möhtəşəmdir”.

Zoopark ərazisində yenidənqurma işlərini həyata keçirən şirkətdən isə bildirildi ki, ərazi 4,25 hektaradək böyüyəcək, heyvanların saxlanma şəraiti yaxşılaşacaq və təbii mühitə uyğunlaşdırılacaq:

“Yenidənqurma başa çatdıqdan sonra bütün heyvanlar parkın ərazisinə qaytarılcaq. Qeyd edək ki, fundamental dəyişikliklər olacaq: tamamilə yeni zoopark planlaşdırılır, hər şey innovativ olacaq, müasir standartlara cavab verəcək. Biz müasir tendensiyalarla tanışlıq üçün dünyanın çox zooparkında olmuşuq, amma bizim zoopark unikal olacaq və digərlərinə bənzəməyəcək. Beləliklə, heyvanlar Avropa Zooparklar və Akvariumlar Assosiyasının tələblərinə uyğun standartlara cavab verən şəraitdə saxlanılacaq”.

Hazırda yeni zooparklar üçün Hollandiya, Avstriya və Moskvadan maraqlı layihələr gəlir. Moskva zooparkının mütəxəssislərilə birgə işlər aparılır. Bir neçə layihə var ki, içindən ən maraqlısı seçiləcək, amma yeni zooparkın necə olacağının əsas planı artıq mövcuddur.

Parkın ərazisində yaralı və xəstə heyvanlar üçün avropa standartlarına cavab verəcək veterinar klinika tikilməsi də planlaşdırılır. Balacalar üçün maraqlı olacaq  ev heyvanları ilə (PetFarm) birgə “Sevimli guşə”, “Kəpənək evi” və hətta attraksionlar nəzərdə tutulur.

Məlum oldu ki, bakılıları təkcə əyləncə məqsədli deyil, həmdə zoologiya sahəsində bilikləri artırmağa imkan verəcək innovativ zoopark gözləyir. İrimiqyaslı rekonstruksiyadan sonra zoopark cəmiyyətin müxtəlif təbəqələrinin heyvanlar və təbii ekosistem haqqında informasiya ala biləcəyi araşdırma və tədris mərkəzinə çevriləcək . Uşaq və gənclərin ətraf mühit haqqında bilklərinin artmasına istiqamətlənmiş proqramlar həyata keçiriləcəkdir.

Züleyxa İsmayılova

Bakucity.az 

Paytaxt zooparkı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər