Bakıda kuryer şirkətləri hansı xidmətləri təklif edir? - ARAŞDIRMA

Bakıda kuryer şirkətləri hansı xidmətləri təklif edir? - ARAŞDIRMA

Beynəlxalq çatdırılma zamanı bir çox məhdudiyyətlər var

Son illər Bakıda kuryer xidmətinə tələbat artıb. Bu sahədə fəaliyyət göstərən bir çox şirkətlər var. Onlardan bəziləri ölkə və şəhər daxilində çatdırılma ilə yanaşı, beynəlxalq çatdırılmaları da həyata keçirir.

Bakucity.az paytaxtda kuryer şirkətlərinin hansı xidmətləri təqdim etməsi, hər hansı məhdudiyyətlər olub-olmaması, çatdırılma zamanı yaranan problemlərə görə müştəriyə təzminat ödənilməsi məsələsini araşdırıb. 

“Zaman Express” şirkətinin meneceri Səidə Nəsibova bildirib ki, onlarda şəhər, region, həmçinin bütün dünya ölkələri üzrə beynəlxalq çatdırılamalar həyata keçirilir:

"Biz istənilən ölçüdə, hətta iri bağlamaların çatdırılmasını təşkil edirik. Beynəlxalq çatdırılmalarda gömrükdə icazə verilən hər şeyi göndəririk".

Menecerin sözlərinə görə, onların şirkəti sənədlərin əslləri, qida, (həmçinin qoz,  ev bişintiləri) çatdırılması ilə məşğul olmur:

"Biz yalnız ştrix-kod olan məhsulları göndərə bilərik. İnsan sağlamlığına ziyan vura bilən, partlayıcı və yanar əşyalar olan yük və ya məhsulları da göndərmirik.

Müştərilər rəsm və ya xalçaları başqa ölkəyə göndərmək istəyəndə, biz belə bir yük üzrə xidmətlərimizi Xalça Muzeyi və ya Mədəniyyət Nazirliyi tərəfindən verilmiş rəsmi icazə bəyannaməsi olduğu təqdirdə təqdim edirik”.

Şirkət yükün qablaşdırmasını öz üzərinə götürürür, habelə problemsiz göndərilməsinə zəmanət verir. Əks halda müştəriyə təzminat ödənilir. 

“Global Express” şirkətinin meneceri Elman Abdullayev onlarda yalnız beynəlxalq çatdırılmaların həyata keçirildiyini deyib:

"Müştəri seçiminə görə hazır bağlama göndərmək olur, lazım gələrsə biz özümüz yüklərin qablaşdırılması ilə məşğul oluruq. Əlbəttə, biz bütün bağlamaların çatdırılmasını izləyirik. Yükün göndərilidyi ölkədən asılı olaraq müəyyən məhdudiyyətlər də var. Məsələn, Amerika və Avropaya qida məhsulları, meyvə-tərəvəz, odlu silah, tütün, spirtli içkilər göndərmək olmaz”. 

“Region Express” şirkətinin əməkdaşı Elnur Əliyev bildirib ki, onlarda yalnız Bakı daxilində və regionlar üzrə çatdırılma həyata keçirilir:

"Biz çox iri bağlamaları göndərmirik, yükün maksimal çəkisi 10 kq ola bilər. Ölkə daxilində olduğuna görə, çatdırılmanı izləmirik".

Şirkətin əməkdaşı qeyd edib ki, paytaxt daxilində çatdırılamda heç bir məhdudiyyət yoxdur.  

“Pony Express” şirkətin direktoru Şükufə Əbilova bildirib ki, onlarda şəhər daxili, regionlara və xaricə çatdırılma mövcuddur:

"Bu, 12 ölkədə filialı olan Rusiya şirkətidir. Biz həm kiçik, həm də iri həcmli yükləri daşıyırıq".

Direktorun sözlərinə görə, çatdırılmada heç bir məhdudiyyət yoxdur. Həmçinin, “Pony Express” yüklərin və malların gömrük rəsmiləşdirilməsini də həyata keçirir, müştəriyə broker xidmətləri göstərir:

"Göndərilən bütün əşyaları qablaşdıra bilirik. Çatdırılma zamanı yük korlandığı halda, ziyanı ödəyəcəyimizə təminat veririk. Bütün bağlamaların çatdırılması izlənilir”. 

“Baku Courier” şirkətin rəhbəri Emin Süleymanov qeyd edib ki, onlar beynəlxalq, regional və şəhər üzrə çatdırılma ilə məşğul olurlar:

"Biz yalnız qanunvericilikdə icazə verilən yükləri daşıyırıq. Bəzən iri həcmli yüklər də olur, onları da göndəriririk. Bizim şirkət vasitəsilə göndərilən yük xarab olarsa və itərsə, bu halda müştəriyə təzminat ödənilir. 

“SNN Express” şirkətin əlaqələndiricisi Vaqif Cəfərovun sözlərinə görə, bu şirkət Bakı daxilində, regionlara, eləcə də xaricə çatdırılma ilə məşğul olur:

“Məktub və digər sənədlər zərflərdə göndərilir. İri yüklərdə isə şirkət xüsusi qablaşdırma materiallarından istifadə edir.

Yaxşı olardı ki, müştərilər əvvəlcədən uzaq məsafələrə göndərəcəkləri bağlamaları sığortalasınlar. Çatdırılma zamanı bağlamayğa nəsə olarsa, yükün daşınmasına görə pulu geri qaytarırıq".

Qeyd edək ki, bağlamaların çatdırılması üçün qiymətləndirmə yükün növü, marşrutu, yanacaq xərcləri, məsafə və nəqliyyat növündən asılıdır.

Züleyxa İsmayılova

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər