Konsertdə böyük tamaşaçı marağı olub
Bakucity.az xəbər verir ki, iyulun 5-də Heydər Əliyev Sarayında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblının konsert proqramı keçirilib. Ansamblın bədii rəhbəri və konsertmeysteri xalq artisti Munis Şərifovdur.
Tanınmış teleaparıcı Emil Şahzadənin aparıcılıq etdiyi konsert proqramında orta əsr və bəstəkar musiqiləri, xalq mahnıları və şərq musiqiləri səsləndirilib.
Gecənin əsas ifaçıları xalq artisti Teyyub Aslanov və əməkdar artist Nuriyyə Hüseynova olub.
Teyyub Aslanov “Xumar oldum”, “Ay nazlanıb gələn yar”, “Dumanlı təbriz”, “Sənin eşqin edib” və s. xalq mahnılarını, Nuriyyə Hüseynova isə “Sarı glin”, “Reyhan”, “Gül açdı”, “Atlanıb keçdim” xalq mahnılarını, “Dəsti təsnifi”ni və xalq arasında sevilən bir çox digər mahnıları ifa edib.
Proqram iki saat yarım davam edib.
Qeyd edək ki, heç vaxt tamaşaçı qıtlığı yaşamayan Heydər Əliyev Sarayı bu konsert proqramı ilə də yay tətilinə yollanıb.