Bakıda güclü küləyin aşırdığı ağaclar doğranılır

Bakıda güclü küləyin aşırdığı ağaclar doğranılır

Hava şəraitinin belə keçməsinə səbəb iqlim dəyişkənliyidir

Bakucity.az xəbər verir ki, avqustun 5-dən etibarən paytaxt ərazisində müşahidə edilən güclü külək nəticəsində 70-ə yaxın ağac aşıb, budaqları sınıb və kökündən çıxıb. 

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məsələ ilə bağlı bunları deyib:

“Ağaclar yay mövsümündə bioloji inkişafda, çiçəklənmiş vəziyyətdə olur. Bu səbəbdən də onların aşma, sınma riski qış mövsümü ilə müqayisədə daha çoxdur. Aparılan müşahidə zamanı son 3-4 gün ərzində budaq sınmaları sağlam, inkişafda olan yaşıl ağaclarda qeydə alınıb. Aidiyyəti qurumların 200-ə yaxın canlı qüvvəsi, 60-70 nəqliyyat vasitəsi paytaxt ərazisindəki ağac, budaq qırıqlarının toplanılmasına cəlb olunub.

Bundan başqa, bu günə qədər güclü külək səbəbindən əyilərək qəzalı vəziyyətə düşən 100-ə yaxın ağac təhlükəsiz vəziyyətə gətirilib. Bu kimi hallarla qarşılaşan vətəndaşlar bizə müraciət edə bilərlər”.

O.Məmmədov aşan ağacların sonrakı taleyindən də danışıb:

“Həmin ağaclar Ramanıdakı ərazimizə daşınır. Əvvəllər biz bu ağacları doğrayıb hərbi hissələrə odun kimi istifadə məqsədilə verirdik. Lakin artıq bütün kommunal xidmətlər yüksək səviyyədə qurulduğu üçün buna ehtiyac yoxdur. Sadəcə, ehtiyacı olan insanlar müraciət edib onları götürə bilərlər".

Qurum rəsmisi insanlara küləkli hava şəraitində küçədə gəzərkən irigövdəli ağacların altında dayanmamağı, avtomobilləri ağacların yaxınlığında park etməməyi tövsiyə edib. (Oxu.az)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər