Paytaxt çimərliklərində yeni aksiyaya start verilib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yerləşən çimərliklərdə yeni aksiya keçirir.
Bakucity.az-ın məlumatına görə, aksiya paytaxtın Suraxanı və Səbail rayonları ərazilərində yerləşən çimərliklərdə keçirilib.
Tədbir çərçivəsində çimərliklərin girişinə plakatlar vurulub, sürücü və digər hərəkət iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, çimərliklərə gələrək istirahət edənlər bəzən təhlükəsizlik normalarına riayət etmirlər.
Onun sözlərinə əsasən, yol polisi Bakı şəhərinin inzibati ərazisinə düşən çimərliklərdə, onlara bitişik küçə və prospektlərdə xidmət aparır, qaydaların pozulması nəticəsində baş verən yol qəza hadisələrinin qarşısının alınması üçün xüsusi işlər görülür.
V.Əsədov qeyd edib ki, bu tədbirlər çərçivəsində sürücülərə nəqliyyat vasitələrini çəkələklə idarə etməyin təhlükəli tərəfləri, spirtli içkinin təsiri altında avtomobil idarə etməyin ölümə apardığı barədə məlumatlar verilir.
“Xüsusi olaraq çimərlik ərazisində nəqliyyat vasitələrinin təlim məqsədilə istifadə edilməsinin təhlükəli olması diqqətə çatdırılır”, - deyə o vurğulayıb.
V.Əsədov sürücüləri diqqətli olmağa çağırıb.