Bakıda zibili niyə iki rəngli konteynerlərə yığırlar - ARAŞDIRMA

Bakıda zibili niyə iki rəngli konteynerlərə yığırlar - ARAŞDIRMA

Konteynerlər müxtəlif, maşın eynidirsə, zibilin çeşidlənməsinin mənası nədir?

Bu il Bakı şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı departamenti məişət tullantılarının çeşidlənməsi və gələcək emalı ilə bağlı  pilot layihəyə başlayıb. Layihənin reallaşdırılması məşhur Britaniya şirkəti “MottMacDonald” ilə birgə paytaxtın Nərimanov rayonunda həyata keçirilir. Bir çox şəhər sakinlərini isə bu sual maraqlandırır: əgər tullantılar eyni maşında qarışacaqsa  rəngbərəng konteynerlərdə onların  çeşidlənməsinin mənası nədir?  

Bakucity.az  bu layihənin bütün nüanslarını aydınlaşdırmaq üçün  Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimova müraciət edib.

İ. Kərimov layihənin artıq müsbət nəticələr verdiyini bildirib:

"Xatırladım ki, bu layihənin həyata keçirilməsi üçün iki rəngli müasir konteynerlər qoyulub: qarışıq və ərzaq tullantıları üçün yaşıl, şüşə, metal, kağız, plastik və  karton kimi emal olunanlar üçün isə narıncı.

Gözlənildiyi kimi, ay ərzində Nərimanov rayonunda hər bir həyətdə sakinlərlə görüş keçirilib, zibilin belə çeşidlənməsinin xeyri  izah olunub. Amma elə sakinlər də olurdu ki, yeni qaydalarla hərəkət etmək istəmir və paytaxtımız üçün tullantıların çeşidlənməsinin əhəmiyyətini başa düşmürdü".

İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri tullantılarının zibilyığan maşında niyə qarşmasını da izah edib:

"Nərimanov rayon sakinlərinə zibili yığmaq  üçün narıncı və yaşıl rəngli paketlər paylayıblar ki, müvafiq konteynerə atsınlar. Beləliklə, zibil xüsusi maşına düşərkən qarışmır. Zibil xüsusi sahəyə daşınır və orada növlər üzrə ayrılır. Qeyd edim ki, utilizasiya üçün nəzərdə tutulan narıncı konteynerlər üçün ayrıca maşınlar da fəaliyyət göstərir".

İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Nərimanov rayonunda emal edilən zibilin miqdarı gündə 20 tona çatıb. Bu rəqəm hər gün artır.

O, həmçinin bildirib ki, layihə artıq gələn aydan  mərhələli şəkildə Bakının digər rayonlarında da tərbiq ediləcək.

“Çeşidləşdirici konteynerlər Nərimanovdan başqa paytaxtın Səbail, Yasamal, Nəsimi, Binəqədi, Nizami və Xətai rayonlarında yerləşdirilib. Layihənin bu ilin sonuna və ya gələn ilin əvvəlinə qədər başa çatması planlaşdırılır".

İ.Kərimov bu layihə istiqamətində gələcək planları barədə də bölüşüb:

"Təbii ki, belə iş dərhal görülmür. Məsələn, Finlandiyada tullantıların çeşidlənməsi üçün altı konteynerlər nəzərdə tutulub, Almaniyada isə üç. Biz gələcəkdə tullantıların müəyyən növü üçün konteynerlərin üçüncüsünü tətbiq etməyi planlaşdırmışıq. Zaman lazımdır ki, insanlar adət eləsinlər, başlıcası isə bilsinlər ki, bu, nə üçün lazımdır. Biz paytaxt sakinlərinə müxtəlif video çarxlar nümayiş etdiririk, bukletlər paylayırıq və küçələrə plakatlar asırıq".

Tullantıların emalının əsas məqsədi - tullantıların təkrar xammala çevrilməsidir. İ.Kərimov hesab edir ki, bu layihə iqtisadi baxımdan səmərəlidir və eləcə də paytaxtımızın ekologiyasına müsbət təsir göstərəcək. 

Züleyxa İsmayılova

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər