“Xətai” stansiyasında Şah İsmayıl Xətainin büstü olacaqmı? - AÇIQLAMA

“Xətai” stansiyasında Şah İsmayıl Xətainin büstü olacaqmı? - AÇIQLAMA, Seymur

Şah İsmayıl Xətainin büstü stansiyadan 2017-ci ildə demontaj olunub.

“Bakı Metropoliteni” QSC tərəfindən “Xətai” stansiyasında yenidənqurma və təmir işlərinin ikinci mərhələsinə ötən ilin sentyabr ayında başlanılıb. Məqsəd isə istismar müddətini başa vuran eskalatorların yenilənməsi, eləcə də vestibülün və digər infrastrukturun əsaslı təmir olunmasıdır. Stansiyanın bu ilin avqust ayı ərzində istifadəyə veriləcəyi gözlənilirdi.  

Bakucity.az stansiyanın nə vaxt açılacağı, həmçinin Ş.İ.Xətainin büstünün stansiyada bərpa olunub-olunmaması ilə bağlı məlumat almaq üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova müraciət edib.

“İnfostrukturun yenilənməsi qaydasında aparılan işlərin hər birinə xüsusi diqqət ayrılıb”

Mətbuat xidmətinin rəhbəri bu məsələlərə həm texniki, həm də normativ tələblərə uyğun olaraq baxıldığını qeyd edib:

“Bilirsiniz ki, “Xətai” mürəkkəb ağır geoloji şəraitdə yerləşir. Bu səbəbdən də məsələlərə həm texniki, həm də normativ tələblərə uyğun olaraq baxılıb və stansiyada kifayət qədər yeniliklər edilib. Ş.İ.Xətainin ümumi memarlıq ansablı kompleksi də daxil olmaqla, stansiyada bütün infrastruktur yenilənib. Yenidənqurma işləri zamanı stansiyanın orjinallığının qorunması ilə yanaşı, müasir dövrün tələblərinə uyğun infrastrukturun yenilənməsi qaydasında aparılan işlərin də hər birinə xüsusi diqqət ayrılıb. Metropolitenin tarixi üçün xüsusi əhəmiyyət daşıyan yenilikləri görə biləcəksiniz”.

“Xətai” metrostansiyası yaxın vaxtlarda istifadəyə veriləcək

B. Məmmədov stansiyada təmir işlərinin tamamlandığını, təmizlik işlərinin görüldüyünü qeyd edib:

“Stansiyada bütün işlər tamamilə yekunlaşmaq üzrədir. Hazırda təmizlik, səliqə-səhman yaradılması və infrastrukturun sınaq qaydasında yoxlanması işləri aparılır”, - deyə o, bildirib. 

Bunu da oxu: Bakı metrosunda yeni imkanlardan necə yararlanmaq olar?

Qeyd edək ki, 1968-ci ildə “Şaumyan” adı ilə Bakıda istifadəyə verilən metrostansiyaya 1990-cı ildən etibarən Azərbaycan tarixinin şanlı səhifələrini yazmış Şah İsmayıl Xətainin adı verilib və burada onun heykəli, müxtəlif heykəl-ornamentləri yer alıb. 2017-ci ildə başlanılan yenidənqurma işlərinin birinci mərhələsində isə stansiyanın ağır hidrogeoloji mühiti, mürəkkəb və aqressiv mikroiqlim şəraiti nəzərə alınaraq burada Şah İsmayıl Xətaiyə həsr olunmuş memarlıq kompozisiyası demontaj olunmuşdu.

Ramilə QARDAŞXANQIZI

Bakucity.az

Bakı metro
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər