Bakıda boşanmaq neçəyə başa gəlir? – QİYMƏTLƏR

Bakıda boşanmaq neçəyə başa gəlir? – QİYMƏTLƏR, Seymur

Boşanmalar zamanı bilməli olduğunuz vacib məqamlar.

Statistikaya görə, 2019-cu ilin ilk yarısında ölkə üzrə ümumilikdə 8 min 257 boşanma rəsmiləşib ki, bunun da 2508-i Bakıda qeydə alınıb. 

Təəssüf ki, Azərbaycan cəmiyyətinin bu günki problemlərindən biri də məhz boşananların ildən-ilə çoxalmasıdır. Boşanmaq istəyənlər ilk olaraq hüquq büroları və vəkillərə müraciət edirlər. Bu isə bəzi işbazlar üçün əlverişli şərait yaradır. İnsanların həmin məqamda olduqları psixoloji vəziyyətlərindən yararlanan dırnağarası vəkillər onlardan lazım olandan artıq pul alaraq xidmət göstərirlər. 

Bəs boşanma harada, hansı prosedurlardan sonra və neçəyə reallaşır?

Bakucity.az bu suallara cavab almaq və müəyyən məqamlara aydınlıq gətirmək üçün hüquqşunas Ellada Bayramovaya müraciət edib. 

"Cütlüklərin boşanması Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsi (VVAQ) və ya ASAN xidmətdə baş verə bilər"

Bakıda boşanmaq neçəyə başa gəlir? – QİYMƏTLƏR, fotoşəkil-1

E. Bayramova bildirib ki, qısa və ya uzun  müddət bir yerdə yaşamasından asılı olmayaraq, övladı olmayan cütlüklərin boşanması 40 AZN dövlət rüsumu ödəməklə Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsi (VVAQ) və ya ASAN xidmətdə baş verə bilər, amma birgə nikah dövründə əldə olunmuş mülkiyyətin bölgüsü bir mənalı olaraq vəkilin vasitəçiliyi ilə məhkəmə müstəvisində öz həllini tapır. 

“Tərəflərdən birinin boşanmaq istəməməsi təktərəfli boşanma adlanır və bu zaman ortada uşaq da varsa proses vəkilin vasitəçiliyi ilə məhkəmədə aparılır. Hakim onların qəti qərar vermələri üçün 3 ay müddət verir. Bu müddətdə tərəflər barışmırlarsa boşanma təyin edilmiş 3 ay müddətin bitdiyi sonuncu prosesdə qeyd şərtsiz reallaşır”. 

Boşanma və mülkiyyət bölgüsü əslində ayrı-ayrı icra olunsa da, bəzi hallarda tərəflər boşanma ilə yanaşı əmlak bölgüsü ilə bağlı qarşılıqlı iddia da qaldıra bilər:

“Qarşılıqlı iddianın icraata alınıb alınmaması hakimdən asılıdır. İcraata alınmanın müsbət tərəfi iki işin bir prosedurda həll olunması, mənfi tərəfi isə boşanma prosesinin əmlak bölgüsünə görə uzadılmasıdır. Bəzən uşağın kimdə mübahisə doğurur və bu zaman hakim rəy bildirməsi üçün işi müvafiq İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən qəyyumluq şöbəsinə göndərir. Qəyyumluq isə qeyri-müəyyən vaxta – 3-5 aya qədər çəkə bilər. Tərəflərdən birinin fikrini dəyişib “boşanmıram” deməsi prosesə 3 ayın da əlavə olunması deməkdir ki, bu zaman boşanma prosesi 5 aydan 1 ilədək uzana bilər”. 

Boşanmaq üçün tərəflərdən daha çox kişi yoxsa qadın müraciət edir? – sualına cavab verən hüquqşunas qeyd edib ki, birgə nikah dövründə daha çox qadınlar əziyyətə məruz qalır deyə ən çox da onlar müraciət edir: 

“Praktikadan da bəllidir ki, Azərbaycanda boşanmalar zamanı daha çox qadın və uşaqlar zərər çəkir. Məhz buna görə, ailə qurarkən tərəflər arasında nikah müqaviləsinin bağlanması bugünkü cəmiyyət üçün müsbət haldır. Çünki müqavilə xüsusilə qadın və uşağı gələcəkdə yarana biləcək problemlərə qarşı sığortalayır. Həmçinin, boşanma müqavilənin şərtlərinə əsasən, hər iki tərəfin qarşılıqlı razılığı ilə mədəni və sakit şəkildə gerçəkləşir. Ümumiyyətlə, insanlar bilməlidir ki, bir yerdə yaşamağın olduğu kimi, boşanmağın da mədəni yolları var.

Həmçinin oxu: Bakının səyahət agentlikləri: turpaketlər və qiymətlər - ARAŞDIRMA

Boşanan tərəflərdən və boşanma prosesindən asılı olaraq, qiymətlər standart deyil, hər vəkil öz xidmətini fərdi dəyərləndirir. Bu zaman təqribən 100-150 manat vəkillə müvəkkili arasında bağlanan müqaviləyə, 200-250 manat orderə, 10 manat orderin markasına və s. xərclər olur ki, bu da ümumilikdə 500-1000, maksimum isə 1500 manat arasında dəyişir. Müvəkkildən bundan artıq pulun alınması onun həmin məqam üçün ümumi və psixoloji vəziyyətindən süi-istifadə hesab oluna bilər. Az hallarda isə boşanma prosesi bir neçə il davam edir ki, bu zaman da təbii olaraq müvəkkilin daha artıq pul xərcləməsi normal haldır. 

Təbii ki, işbazların toruna düşməmək üçün, ilk növbədə boşanan tərəflər boşanma haqqında qanunları öyrənməli və təcrübəli hüquq müdafiəçilərinə müraciət etməlidirlər”, - deyə hüquqşunas Ellada Bayramova fikrini tamamlayıb.

“Nikaha xitam verilməsi” barədə məlumat “Azərbaycan Respublikasının Ailə Məcəlləsi”nin 4-cü fəslində yer alıb (http://www.e-qanun.az/code/10) və istənilən şəxs linkə daxil olub məlum əldə edə bilərsiniz. 

Bu məcəllə ümumilikdə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir.

Bakıda boşanmanın təqribi qiymətləri

Hüquq büroları

Qiymətlər

“AA Legal” hüquq şirkəti

Tel: (012) 411 00 40

600-1000 AZN

“Kermur” ixtisaslaşdırılmış vəkil bürosu

Tel: (012) 596 65 63

200-500 AZN

“A&A” vəkillər bürosu

Tel: (070) 384 00 00

200-450 AZN

“AZE Hüquq” hüquq şirkəti

Tel: (012) 538 76 70

450-800 AZN

Əkrəm Həsənov və partnyorları” vəkil bürosu

Tel: (012) 493 31 24

300-500 AZN

“6 saylı hüquq məsləhətxanası”

Tel: (012) 421 30 24

200-250 AZN

Qeyd edək ki, paytaxtda fəaliyyət göstərən hüquq bürolarının bəziləri 27 noyabr 2018-ci il tarixli 1343-VQD nömrəli Azərbaycan Respublikasının “Vəkillər və vəkillik fəaliyyəti haqqında qanun”unu (http://www.e-qanun.az/framework/257) əsas gətirərək vəkil qiymətlərini açıqlamayıb. 

Ramilə QARDAŞXANQIZI

Bakucity.az

Bakı boşanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər