Ceyhun Cəfərzadə qonşusunun arxasınca düşərək Ağdama gedib
Bakucity.az-ın “Öz hekayəni danış” layihəsinin qonağı Qarabağ müharibəsi iştirakçısı Ceyhun Cəfərzadədir.
Cəfərzadə Ceyhun Tahir oğlu 1977-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. Qarabağ müharibəsi zamanı məcburi köçkün düşən Ceyhun ailə üzvləri ilə birlikdə Bakıya gəlib və Əhmədli qəsəbəsində müvəqqəti məskunlaşıb. Hazırda dövlət tərəfindən Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş binada iki otaqlı mənzillə təmin olunub. “Gənclik Mall” Ticarət mərkəzinin yaxınlığında yerləşən avto servislərin birində avtomobil ustası işləyir.
- Ceyhun bəy, necə oldu ki, 16 yaşında Qarabağda döyüşlərdə iştirak etdiniz?
- 1993-cü il Qarabağ müharibəsinin qızğın vaxtları idi, mənim isə 16 yaşım hələ tamam olmamışdı. Əhmədli qəsəbəsində kirayə qaldığımız yerdə zabit qonşumuz evinə gələndə mənə müharibədən danışardı.
Bir gün ondan məni də özü ilə müharibəyə aparmasını xahiş etdim, dedi yaşın azdır. Valideynlərim bunu bildi, Vətən nə qədər şirin olsa da, məni tənbeh etdilər ki, uşaqsan. İndiki kimi yadımdadır, 1993-cü il fevral ayının 9-u xəbər tutdum ki, zabit qonşumuz məzuniyyətdən hərbi hissəyə qayıdır. Arxasınca düşdüm və Ağdam rayonunun Zəngişalı kəndində yerləşən N saylı hərbi hissəyə qədər getdim. Bəxtim gətirmədi. Hərbi hissənin qərargah rəisi Füzuli rayonundan olan və ailəmizi yaxından tanıyan həkim Behbudov Tapdıq adlı şəxs idi.
Ona görsənmədən hərbi hissədən uzaqlaşdım ki, valideynlərimə yerimi deməsin, və ya məni evə göndərməsin. Sonra bir nəfər kənd sakini məni yönəltdi Ağdamın Mahrızlı kəndində yerləşən 78 döyüşçüdən ibarət könüllülər batalyonuna. Orada məni qəbul etdilər. Amma o vaxtlar müharibənin ağır vaxtları idi deyə heç bir qeydiyyat, arxiv sənədləri və sairə yox idi ki, adımı yazdıram.
Batalyonda hər kəs öz istəyi ilə könüllü döyüşürdü və heç kim gələcəkdə nə olacaq, başına hansı hadisələr gələcək deyə düşünmürdü. Mən də həmçinin. Bizi o məqamda ancaq Vətən düşündürürdü, torpaqlarımızın işğal olunmasını qəbul edə bilmirdik.