Vaqif Əsədov: Məktəbə bir uşağın arxasınca dörd avtomobil gedir

Vaqif Əsədov: Məktəbə bir uşağın arxasınca dörd avtomobil gedir, Seymur

“İstəmirik ki, kənardan baxan desin “polis imkan vermir”

Ölkədə dərs ilinin başlaması ilə əlaqədər Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bununla bağlı Bakucity.az-a məlumat verən BŞBDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov qeyd edib ki, paytaxtda yerləşən bütün təhsil ocaqları nəzarətə alınacaq. 

“16 sentyabr dərs ilinin başlaması ilə bağlı Bakıda yerləşən təhsil müəssisələri və onlara bitişik küçə və yollar tərəfimizdən nəzarətə götürüləcək. Gücləndirilmiş iş rejimində xidmət göstərəcəyik. Hərəkətin təhlükəsizliyini təmin etmək, keçmə növbəliliyi və süni sıxlığın yaradılmaması üçün nizamlayıcı qismində belə xidmət aparacağıq. Vətəndaşlardan da xahiş edirik, yol polisinin nizamlayıcı qismində olarkən verdiyi göstərişlər müzakirə edilmədən yerinə yetirilsin”, - deyə V.Əsədov bildirib. 

Şöbə rəisi qeyd edib ki, bəzən polis sürücüyə sür deyir, sürücü “1 dəqiqə” işarəsini göstərib avtomobilini saxlayır:

“Təbii ki, sərnişinin düşürdülməsi bir dəqiqə çəkir, amma o “1 dəqiqə” yollarda sıxlığa və tıxaca səbəb olur. Bundan əlavə, təhsil müəssisələrinə bitişik küçə və yollarda, bir istiqamətdə iki hərəkət zolağı olan yollarda pik saatlarında sürücünün yolun hərəkət hissəsində 30 saniyə dayanıb məktəbli övladını düşürüb-mindirməsi 60-a yaxın nəqliyyat vasitəsinin sürücüsünü 7-10 dəqiqə müddətində ləngiməsi deməkdir. 60-a yaxın bu avtonəqliyyat vasitələrinin arasında dərman preparatları, ərzaq məhsulları və sairə kimi strateji əhəmiyyətə malik yük maşınları var. Ona görə də çox yaxşı olar ki, həmin avtomobillər məktəblərdən ən azı 100 metr kənarda dayansın”.

V.Əsədov 1-ci sinfə gedəcək məktəblilərin valideynlərinə də xəbərdarlıq edib: 

“Bir neçə ildir ki, maraqlı tendensiya formalaşıb. Birinci sinfə gedən bir uşağın arxasınca məktəbə təxminən dörd avtomobil gedir, onlarında hamısı insanla dolu – nənə, baba, dayı, bibi və sairə. Təbii ki, bütün bu valideynlərin sevincinə bizdə şərikik, amma bu günki şəraiti nəzərə alaraq, belə hallara yol verə bilmərik. Həmin təhsil müəssisənin yanındakı digər avtomobillərin və insanların hərəkətini düşünmək lazımdır.

Ümumiyyətlə, avtomobili olanlar maşını olmayanları, ictimai nəqliyyat növündən istifadə edənləri də düşünməlidir. Hər bir sürücü ilk növbədə insandır və insani keyfiyyətini ortaya qoymalıdır. Bunun üçün heç bir polis əməkdaşının göstərişinə ehtiyyac olmamalıdır. “1 dəqiqə” deyib yolu kəsən sürücülər sonra saatlarla davam edən tıxaclarda gözləməli olurlar ki, bu da zəncirvari hal alaraq bir çox insanın mənzil başına çatmasını gecikdirir”.

Həmçinin oxu: Bakıda taksilərə qadağa - “20 Yanvar”da saxlaya bilməyəcəklər

Polkovnik təhsil ilinin başlaması ilə əlaqədar yollarda sıxlıq və tıxacın,  yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün görüləcək tədbirlərdən, Bakı polisinin iş rejimindən də danışıb:

“Bakı şəhərində 70-dən artıq nəzarət postları var. Onlar piyadaların hərəkəti üçün nəzərdə tutulmuş zolaqla avtomobil zolaqlarının kəsişmələrinə nəzarət edirlər. Təsəvvür edin, 70-dən artıq bu nəzarət postlarında – yol kəsişmələrində yolun hər iki tərəfində bizim piyada inspektorlarımız xidmət aparacaq. Yəni, piyadaları bir yerdə saxlalayacaq, maşınları dayandıracağıq ki, piyadalar qrup halında yolun bir tərəfindən digər tərəfinə keçə bilsinlər. Yalnız bu şəkildə sıxlığın, tıxacın, qəzaların qarşısını almağa çalışacağıq. 

V. Əsədovun bildirib ki, postların (zebra xətləri üzrə piayadaların hərəkəti) olduğu ərazilərdə belə, piyadaların labirint şəklində, nəqliyyat vasitələrinin arası ilə hərəkət edərək yolu keçməsi halları qeydə alınır:

“Sadəcə sürücülər deyil, piyadalar arasında da yol hərəkəti qaydalarını ciddi şəkildə pozanlar var. Sürücü piyadaya yol verir, görəndəki piyada ayağını yola qoydu dərhal dayanır, piyada isə bu haldan istifadə edib qulağında qulaqcıqla yolu elə keçir ki, sanki bulvar gəzintisindədir. Bütün bunlar da narahatlıq, narazıçılıq yaradır. Bu gün sürücü-piyada arasında səmimiyyəti gücləndirmək lazımdır. 

İstəmirik ki, kənardan baxan desin “polis imkan vermir”, “polis yazır”, “polis pozur” və sairə. Xeyr, bu belə deyil. Son zamanlar polisin yüksək xidməti ilə bağlı yayılan xəbərləri də görürük. Bunlar görülənlərdir, görülməyən yüzlərlə müsbət hadisə var. Ən nəhayət, bu ölkədə, hər bir hərəkət iştirakçısı işinə, evinə rahat gedib-gəlirsə, təhlükəsiz istirahət edir, yaşayırsa bu 24 saat fasiləsiz xidmət edən polisin fəaliyyəti nəticəsində baş verir. Başqa heç nə demək mümkün deyil”, - deyə Vaqif Əsədov bildirib. 

Polkovnik sonda hərəkətin təhlükəsizliyini təmin etmək, yol hərəkəti mədəniyyət səviyyəsinin formalaşması naminə hər bir hərəkət iştirakçısını nizam-intizama dəvət edib. 

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakı məktəb yol polisi Vaqif Əsədov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər