Bakıda könüllü tibbi sığorta - Bunları bilmək vacibdir

Bakıda könüllü tibbi sığorta - Bunları bilmək vacibdir, Seymur

İcbari tibbi sığortanın tətbiqinin faydaları

Bakıda Könüllü Tibbi Sığorta anlayışı Qərb ölkələrində və ya qonşu Rusiyada olduğu qədər geniş yayılmayıb. Baxmayaraq ki, bu, qəfil sağlamlıq problemləri olduqda pul xərclərini həll etmək üçün bir yoldur.

Bakucity.az bu materialda tibbi sığortanın insanlara nə fayda verdiyini, Bakıda hansı hallarda sığortaya daha çox müraciət edildiyini və sığorta şirkəti ilə müqavilə bağlayarkən nələrə diqqət etməli olduğunuzu aydınlaşdırır. 

Bu işdə bizə “AXA MBASK Insurance”  sığorta şirkətinin əməkdaşı Əfsanə Eyvazova kömək edib.

Sığortanın kimə faydası var?

Ekspertin sözlərinə görə, Bakıda tibbi sığorta ilə maraqlananlar azdır, xüsusəndə sağlamlıq problemləri olmadıqda. Ancaq son zamanlarda vəziyyət bir az dəyişir. İnsanlar konkret sağlamlıq problemləri olduqda  sığorta paketi alırlar.

“Çox tezliklə Azərbaycanda İcbari Tibbi Sığorta layihəsi həyata keçiriləcək , hələ ki, Bakıda Könüllü Tibbi Sığorta (KTS) fəaliyyət göstərir. Belə sığortanı daha çox şirkətlər öz işçiləri üçün alır. Bu paketlərin üstünlükləri çoxdur. Bu vəziyyətdə işəgötürən qayğı göstərdiyinə görə, işçilər işlədikləri təşkilata daha çox bağlanırlar.

Eyni zamanda, bir sığorta şirkəti üçün KTS paketlərini satmaq daha çox müştərini cəlb etməyə kömək edən bir açardır. KTS satdıqdan bir il sonra müştərilərə digər sığorta növləri də təklif olunur, çünki onların etimadını qazanırlar. Bu sığorta şirkəti üçün müsbət artımdır”.

Ə.Eyvazovanın izah etdiyi kimi, işçiləri üçün KTS satın alan bir şirkət müəyyən üstünlüklər əldə edir.

“Əsas odur ki, müştəri, yəni, şirkətin sığorta paketini satın aldığı işçi, sığortanın müalicə xərclərini hansı şərtlərdə ödəyəcəyini anlasın. Məsələn, bir müştərinin miokard infarktı varsa, müalicə və ya hətta əməliyyat lazımdır. Müqavilədə sığortanın əməliyyatı əhatə etdiyi bildirilirsə, şirkət bu xərcləri ödəyəcək. Əgər müqavilədə ödənişin yalnız ilk yardım üçün edildiyi qeyd olunursa, müştəri əməliyyatın xərcini öz hesabına ödəməli olacaq. Yalnız müqavilədə göstərilənlər və ya “istisna edilmir”  qeydi olan müalicənin xərci qarşılanır.

KTS paketini işçiləri üçün satın alan şirkətlər, ödənişin necə olacağına - işçilərin maaşından tutulacağına və ya bunun üçün xüsusi büdcə ayıracaqlarına özləri qərar verirlər”, - deyə o bildirib.

Bilmək vacibdir

“Müqavilə bağlamazdan əvvəl sığorta şirkəti paketin nəyi əhatə etdiyini və daxil olmayan bəndləri göstərməyə borcludur. İstisnalar olan məqamlar da var ki, bunları da əvvəldən müzakirə etmək lazımdır. Əks təqdirdə, müştəri nəyə görə pul ödədiyini bilmirsə, gələcəkdə problemlər yarana bilər”, - deyə Ə. Eyvazova xəbərdarlıq edir.

Tibbi sığorta digər sığorta növlərindən onunla fərqlənir ki, pul  müştəriyə şəxsən ödənilmir. Buna görə də, mütəxəssisin qeyd etdiyi kimi, müştəri fırıldaqçılıq yolu ilə heç bir qazanc əldə edə bilməz. Çünki zərurət olduqda ödəniş birbaşa müştərinin müalicə aldığı klinikaya edilir. Əlbəttə ki, müqavilədə nəzərdə tutulan sığorta hadisəsinə görə. 

“Sığorta şirkəti heç vaxt bazarda tanınan zərər verən müştərilərlə müqavilə bağlamır. Sağlamlığı məhdud olan insanlarla da müqavilə bağlaya bilmərik ”, Eyvazova deyir.

Sığorta paketi necə seçilməlidir?

Mütəxəssis sığorta şirkəti seçərkən qiymətlərə diqqət etməməyi məsləhət görür. Bu məsələdə xidmət keyfiyyətinə, habelə şəxsi təcrübəyə əsaslanaraq etibarlı şirkətlər tanıyan insanların tövsiyələrinə diqqət yetirmək daha yaxşıdır.

Eyvazovanın sözlərinə görə, Bakıda fərdi KTS paketi satan sığorta şirkətləri azdır:

“Şirkətimiz əvvəllər də belə bir paket təqdim etmişdi, ancaq məhdud idi. Belə paket satan şirkətlər var, və onlar çox pul tələb edən kifayət qədər geniş bir məhsula sahibdirlər. Amma təəssüf ki, bu paketlərin bu gün nə qədər uğurlu satışları var, mən bilmirəm, çünki biz artıq bunu etmirik. Ancaq təcrübədən bilirəm ki, şəhərimizdə tibbi sığortaya tələbat yoxdur”.

Bu gün Bakıda digər paketlər arasında KTS təmin etməyə hazır olan şirkətlər az deyil. Bu şirkətlər “AXAMBASK Insurance”,  “Ata Insurance”, “Pasha Insurance”, “A-Group Sığorta Şirkəti” v ə “Xalq Sığorta”dır. . Bu şirkətlərdə tibbi sığortanın dəyəri seçilmiş paketə və müqavilədə göstərilən müxtəlif nüanslara görə dəyişir.

Züleyxa İsmaylova

Bakucity.az

Bakı icbari tibbi sığorta
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər