Pərdələri qaldırın: Bakıda yeni teatr mövsümü başlayır - QİYMƏTLƏR

Pərdələri qaldırın: Bakıda yeni teatr mövsümü başlayır - QİYMƏTLƏR, Seymur

Biletlərin qiyməti 6-10 manat arsında dəyişir

Sentyabr ayının ikinci yarısında teatrlarda mövsüm açılışı olacaq. Bu gün az sayda olsa da, teatr həvəskarları var, ən azından teatr salonları üçün nəzərdə tutulmuş yerlər dolu olur. Lakin mövzu incəsənət, mədəniyyət olanda tamaşaçı heç vaxt bəs deyil. 

Maraqlıdır, görəsən, teatrın əməkdaşları bu haqda hansı fikirdədirlər? Mövsüm açılışı hansı teatrlarda, nə zaman və hansı tamaşalarla olacaq?

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı:

- Teatrımız mövsümü sentyabrın 21-də xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan və rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı isə İsmayıl Məmmədov olan “Qarabağnamə” tamaşası ilə açacaq.

Mövsüm hazırlıqları hər zamankı kimi öz axarında gedir. Yeni tamaşalarımız olacaq. Tamaşaçılar da teatrımızın afişasını diqqət mərkəzində saxlayırlar. Biz tamaşaçılarımızdan, onların teatrımızın yaradıcı heyətinə olan sevgisindən hər zaman razıyıq. 

Repertuarımız zəngin olduğundan, tamaşaçı istər dünya dramaturgiyası, istərsə də Azərbaycan dramaturgiyasından əsərləri izləyə bilər. Bilirsiniz ki, bu il Akademik Milli Dram Teatrının 100 illik yubileyi oktyabr ayında təntənə ilə qeyd olunacaq. Hazırda bununla bağlı işlər aparılır. Tamaşalarımızın içində ən çox izlənən “Qürbətdən gələn məktublar”, “Ölülər”, “Qətibə inanc”, “Cəhənnəm sakinləri”, “Boy çiçəyi”, “Ah, bu uzun sevda yolu” və s tamaşalar zalda dəfələrlə anşlaq yaradıblar. 

Bilet qiymətlərinə gəldikdə isə, bu 6-10 manat təşkil edir.

Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova:

- Teatrımızın 110-cu mövsümü sentyabrın 20-də dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası ilə başlayacaq. Mövsümün açılışı eyni zamanda “Üzeyir Hacıbəyli –XI” festivalı çərçivəsində reallaşacaq və bunun davamı olaraq, sentyabrın 22-də “Arşın mal alan” əsəri təqdim ediləcək.  

Azərbaycan Dövlət Akademik  Musiqili Teatrına tamaşaçı marağı hər zaman olub və yenə də var. Demək olar ki, tez-tez idarə və müəssisələrin, uşaq bağçalarının, məktəblərin əməkdaşları gəlib  tamaşalarımızda iştirak etmək üçün öncədən çox sayda bilet sifariş verirlər.  Əvvəlki illərə baxanda cəmiyyətdə teatra qarşı maraq çoxalıb. Hətta ad günlərındə, bayramlarda  bahalı restoranları seçmək əvəzinə, tamaşaya bilet alanlar da var. Belə zövqlü insanlar digərlərinə də stimul verirlər. 

Hər tamaşanın öz tamaşaçısı var. Əvvəllər Musiqili Komediya Teatrı idik və 2013- cü ildən isə komediya sözünün götürülməsi bizim teatrın imkanlarını genişləndirdi. Burada istər komediya, istər dramatik, istərsə də faciə janrında tamaşalar oynanılır  və hər birinin də öz auditoriyası var. ''Toya bir gün qalmış'', ''Molla Nəsrəddinin 5 arvadı", ''Bankir adaxlı'', "999-cu gecə'', ''O olmasın,  bu olsun'', "Bir dəfə Bağdadda'' (rus dilində) tamaşaları ən çox baxılanlardır.

Biletlərin qiymətlərinə gəldikdə isə, bu, yerlərə görə müəyyən olunur. Biletlərimizin qiyməti minimum 6, maksimum isə 10 manat olur.


Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Pərvin Nurəliyeva:

- Bu il mövsümü 19 sentyabr tarixində uşaqlar üçün “Dəcəl keçi” (Pyesin müəllifi Pərvin, quruluşçu rejissoru Ayla Osmanovadır) tamaşası ilə açacağıq.

Hər şeydən əvvəl ötən mövsümdəki uğurlarımızdan danışmaq, bir çox məqamları və əlamətdar hadisələri yada salmaq istərdim. Teatrımızın 90 illik yubileyini xüsusi qeyd etməliyəm. Ölkə Prezidentinin Sərəncamı ilə yubiley yüksək səviyyədə qeyd olundu. Yubiley münasibətilə bir neçə əməkdaşımız fəxri adlara, ordenlərə layiq görüldülər. 

Ötən mövsümü 8 yeni tamaşa ilə başa vurduq. Bu tamaşalar da fərqliliyi, bir-birinə bənzəməməsi və qeyri-adiliyi ilə seçilir. Yəni teatrımız repertuarını çox böyük həssaslıqla seçir, burda hər zövqdə tamaşaçı üçün səhnə əsərləri var. Tezliklə isə Ərəb xalq nağıllarının motivləri əsasında Nicat Kazımovun quruluş verdiyi “Sindibadın sərgüzəştləri” tamaşamızın premyerası olacaq. 

Həmçinin oxu: Hacı Zeynalabdin Tağıyevin heykəli belə olacaq - FOTO

Bu il böyük yazıçı-dramaturq Cəfər Cabbarlının yubileyi dövlət səviyyəsində qeyd olunur. Teatrımız bu münasibətlə onun “Oqtay Eloğlu” əsərinə müraciət etmək niyyətindədir. Həmçinin Xalq artisti Cənnət Səlimova dahi Mirzə Cəlilin “Dəli yığıncağı” pyesinə quruluş verir. 

Tamaşaçıların teatrımıza, tamaşalarımıza olan marağından hər zaman razı qalmışıq. Onlar teatrda olan yeniliklərə, uğurlu işlərə hər zaman müsbət münasibətlərini bildirirlər.

Tamaşalarımıza olan maraq, sözün yaxşı mənasında, eyni səviyyədədir, amma konkret adlar çəkməyimi istəyirsizsə, bunları deyə bilərəm: “Don Kixot”, “Leyli və Məcnun”, “Tanrıya 14 məktub”, “Yarımçıq qalmış”, “Cəza” və s.

Tamaşalarımıza biletlərin qiyməti standart olaraq, minimum 6, maksimum isə 10 manat təşkil edir.

Arzu Murad 

Bakucity.az

Bakı teatr qiymətlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər