Qayda pozan piyadalara qarşı reyd keçirilib
Bakıda qayda pozan piyadalara qarşı yol polisi profilaktik tədbir keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakucity.az-a məlumat verilib.
Məlumata əsasən, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində piyadalarla təbliğat işlərinin genişləndirilməsi məqsədi ilə profilaktik tədbirlər həyata keçirib.
Tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan piyadalarla maarifləndirici söhbətlər aparılıb.
Tədbir zamanı piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da saxlanılıb.
Qeyd edək ki, tədbir zamanı yol polisi tərəfindən avtobus dayanacağını zəbt edən sürücülər də müəyyən edilib.
Həmçinin oxu: Bakıda yol polisinə tabe olmayan piyada həbs edildi - VİDEO
Həmin sürücülərin bəziləri yol polislərinin xəbərdarlığından sonra etdikləri qayda pozuntularını anlayaraq nəqliyyat vasitələrini avtobus dayanacağından çıxarıblar.
Amma dayanacağı zəbt edən və etdiyi bu qayda pozuntusuna haqq qazandıran sürücülərə də rast gəlinib.
Avtobus dayanacağını zəbt edən və sahibi müəyyən edilməyən nəqliyyat vasitələri isə yol polisləri tərəfindən əraziyə dəvən edilən Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən evakuasiya edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən bu tipli maarifləndirici, həmçinin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq davamlı şəkildə qayda pozan piyadalara qarşı profilaktik tədbirlər bundan sonra mütəmadi olaraq davam etdiriləcək.