“Anam sadəcə sözlərimə gülümsədi”
Azərbaycanın Əməkdar artisti, Azərbaycan Respublikası Rəssamlar İttifaqının və Kinematoqrafçılar İttifaqının üzvü, Ümumdünya Florist-rəssamlar Şurasının üzvü Suğra Bağırzadə Bakucity.az saytının “Öz hekayəni danış” layihəsinin qonağı olub.
Aktrisa uzun illər floristika ilə məşğul olub, öz möhtəşəm işlərini nümayiş etdirərək bütün dünyanı gəzib və çoxsaylı mükafat alıb.
Bakıda Suğra xanımın on sərgisi nümayiş etdirilib. O, tələbələrlə təcrübə mübadiləsi apararaq sevdiyi işi davam etdirir.
S.Bağırzadə məktəb və institutlarda ustad məşğələləri də aparır.
- Aktyorluqla yanaşı uzun müddətdir ki, floristika ilə də məşğul olursunuz. Bu işə necə gəldiyinizdən danışın.
- İkinci sinifdən Yuri Qaqarin adına Pionerlər Sarayının solisti kimi musiqi fəaliyyətinə başlamışam, mənə həmişə çox sayda buket verilib. Eyni zamanda, anam bitki və çiçəkləri həqiqətən sevirdi və baxırdı. Mən isə çiçəklər tez solduğuna görə çox üzülürdüm. Çiçəklər quruduqca anam da narahat olurdu. Yadımdadır, daim düşünürdüm ki, onların ömrünü necə uzatmaq olar?
Bir dəfə anam sevimli gözəl çiçəyinin quruduğundan çox üzüldü, o vaxt ona dedim: ana, narahat olma, böyüyəcəm və bütün çiçəkləri qoruyacam! Anam sadəcə sözlərimə gülümsədi. Ancaq bu xəyal mənimlə yaşadı və böyüdü. Bütün bu müddət ərzində çiçəklərə baxdım, bitkilər haqqında kitablar oxudum.
Məktəbdən sonra AZİ-yə, indiki Neft Akademiyasına, Kimya Texnologiyaları fakültəsinə daxil oldum, ixtisasım yüksək molekulyar çəkili birləşmələrin emalı üzrə texnoloq idi. Təhsil aldığım müddətdə müxtəlif kimyəvi məhlullarla çox işləmişəm. Sonra kimyanın köməyi ilə güllərə ikinci bir həyat verəcəyini düşünməyə başladım.
Bunun üzərində çox çalışdım və çox sayda gül-çiçək məhv etdim. Sonda istədiyimə nail oldum!
Həmçinin oxu: Bu payız Bakıda hansı geyimlər və rənglər dəbdə olacaq?
- Sınaq və səhv yolu ilə düsturu tapdınız...
- Bəli, PVA yapışqanına əsaslanaraq lazım olan məhlulu tapdım. Uzun müddət hobbim barədə heç kimə heç nə demədim. Beləliklə, təxminən iki il çəkdi və mən başa düşdüm ki, çiçəklərin keramika vəziyyətinə çatması üçün ən azı 2 il lazımdır.
Bundan sonra ilk sərgim keçirildi. Əsərlərimi Azərbaycan Kinematoqrafçılar İttifaqındakı kino həmkarlarımı və dostlarıma təqdim etdim. O dövrdə hər kəs məni çox dəstəklədi, ilham aldım, buna görə də bu işi davam etdirdim.
Əlbətdə ki, bütün bu illər ərzində işimi həm texniki, həm də bədii tərəfdən mükəmməlləşdirdim. Məni florist-rəssam adlandırmağa başladılar. Sonra sayt açdım və işlərimi həmin sayta yerləşdirdim. Əsərlərim Dünya Çiçəkçilər Sammitinin diqqətini çəkdi və 2003-cü ildə məni Riqada keçirilən Gülçülər Sammitiinin forumunda iştirak etməyə dəvət etdilər. Oraya 25 rəsm apardım.
Bundan sonra Sammit toplantısına üzv olmağa dəvət olundum və əlavə olaraq “Florist Sənayesinin Yeni Peşə Yönümü” sertifikatını aldım. İşlərimin analoqu olmadığına əmin oldular. Sonralar rəsmlərimi dünyanın müxtəlif ölkələrində təqdim etməyə dəvət olundum. Bu forumun iştirakçıları 25 ölkənin nümayəndələridir. Bu Zirvə görüşündə Azərbaycandan və bütün türk dünyasından yeganə təmsilçiyəm.