Pəhriz qaydaları, dieta saxlamaq, arıqlamaq
Günümüzdə insanlar arıqlamaq məqsədilə külli-miqdarda pul xərcləyib idman zallarına gedir, bahalı preparatlar və qidalar qəbul edirlər. Bəziləri tənbəllikdən və maddi çətinlikdən dolayı arıqlamaq istəyib, çaba göstərə bilmirlər. Pessimizm, iradə zəifliyi, mənəvi dəstək ala bilməmək onları bədbinliyə kökləyir.
Bəs çox pul xərcləmədən və idman zallarına getmədən ev şəraitində sağlam şəkildə necə arıqlamaq olar?
Bakucity.az mövzu ilə bağlı araşdırma aparıb, mütəxəssislərin fikrini öyrənib.
“Ümman” qadın və uşaq klubunun direktoru, pilates, yoqa və aerobika üzrə beynəlxalq dərəcəli fitnes instruktor Vəfa Əsgərova:
- Ən az yarım saat ərzində dayanmadan eyni hərəkətləri təkrar edirik(rəqs,yürüyüş,velosiped sürmək və s..), təbii ki, ritmik musiqi ilə. Hərəkət tempi musiqinin ritminə uyğun olmalıdır. Hər kəs özünə uyğün ritmdə musiqi secməlidir.Hərəkətə daha az templə başlayıb, tempi yavaş -yavaş artırmaq mütləq qaydadır.Yarım saatın tamamında isə hərəkəti birdən-birə dayandırmaq doğru deyil , yavaş-yavaş, tempi zəiflədirik. Açıq havada qaçmaq, yürümək isə daha faydalıdır.
Məqsəd arıqlamaqdırsa, yalnız idman işə yaramayacaq. Paralel olaraq pəhriz saxlamaq vacibdir. İdman zamanı zəyif əzələlər işləməyə başladığından onların kütləsi və həcmi artmağa başlayır. Bu səbəbdən əzələ qidalanmalıdır. Qidası da zülaldır. Bu o demək deyil ki, bütün günü zülal yeməliyik. Xeyr, hər bir insanın həssas olduğu şeylər var. Şirniyyat sevən adamın şirniyyatı birdən-birə kəsməsi doğru deyil, çünki o müəyyən zamandan sonra yenidən əvvəlki tələbinə qayıdacaq. Bunu tədricən etmək lazımdır ki, bədən adaptasiya olsun. Orqanizmin öyrəşdiyi qidaları birdən-birə kəsmək, bədəni stresə salmaqdan başqa bir şey deyil.
Bir çox insanlar elə düşünür ki, yoqa ilə arıqlamaq mümkün deyil, amma qaçmaqla, yürüməklə arıqlaya bilməyən insanlar yoqa ilə arıqlamağa nail olublar. Çünki yoqa insanı təkcə xaricdən deyil, həm də daxildən möhkəmləndirir, maddələr mübadiləsini yoluna qoyur, bütün vəzlərin qidalanmasını artırır , hansılar ki hormonlar ifraz edir. Bədəndə hormonal dizbalans aradan qalxır və təbii olaraq arıqlama prosesi başlayır.
Arıqlayandan sonra isə ikinci problem ortaya çıxır - bədənin müəyyən bölgələrində sallanma görsənir. Bu bölqələri fitnes zallarında ayrıca işləmək lazımdır. Zəyif qollarda sallanan ətlər əslində piydir, əzələ kütləsi isə cox azdır. Əzələ kütləsini artırmaq üçün ağırlıq hərəkətləri vacibdir.Məşqlər əzələ kütləsinin artmasına səbəb olur , piylər əriməyə başlayır və dəri yığılır.
Yoqada belə bir ifadə var: insanın bədəni özü üçün bir alətdir. Yəni hər bir insan üçün ağırlıq- öz bədənidir. Yoqa və Pilates məşqləri əzələ kütləsinin artmasına səbəb olur.
Hərəkətli həyat tərzi keçirmək mütləqdir, yeyib oturmaq olmaz.
Lakin minimum 6 ay idman zallarında məşq etdikdən sonra ev şəraitində məşq etməyə qərar vermək olar. Çünki hər bir idman hərəkətinin müəyyən işləmə qaydası var. Qaydaya uyğun hərəkət etmədikdə , hərəkətlər travmalara gətirə bilər.
Bədən istədiyi formanı aldıqdan sonra onu olduğu kimi saxlamaq üçün məşqlərə davam etmək lazımdır.
Dr. Dietoloq Tutu Zeynalova:
- Arıqlamaq istəyən şəxslər ilk növbədə buna qərar verməlidirlər, yəni bu işi beyində bitirmək vacibdir. Burada məqsəd arıqlamaq yox, özündə sağlam vərdişlər formalaşdırmaqdır. Bir çox insanlar arıqlamaq istəyərkən, az kalorili pəhrizlərə üz tuturlar, çörəyi, yağı tamamilə rasiondan çıxarırlar ki, tez nəticədə əldə etsinlər, amma bunlar da orqanizmə fəsadsız ötüşmür. Buna görə də qalıcı nəticə əldə etmək üçün professional dəstəyi ala bilməyən insanlar da düşünərək başlamalıdırlar.
Həmçinin oxu: Bakıda kitab mədəniyyəti - Uşaqlar hansı kitablara üstünlük verir?
Yediklərini qeyd etsinlər və hesablasınlar ki, nə zaman və nələri çox yeyirlər, nələri və hansı miqdarda menyularından çıxarmalıdırlar.
Səhər yeməyini yemək vacibdir. Gün ərzində ən az üç dəfə- səhər, günorta, axşam yemək lazımdır. Həm karbohidrat, həm protein, həm yağlarla zəngin balanslı şəkildə qidalanmalıdırlar. İkinci bir məsələ sudur. Arıqlamaq və sağlam olmaq istəyən hər kəs gün ərzində çəkisinin 3%-nin üstündə su içməlidir. Üçüncü vacib məsələ isə hərəkətdir. Hər gün ən az yarım saat piyada gəzmək vacibdir. Dördüncü məsələ, yuxudur ki, bu da çox önəmlidir. Çünki az yatan insanlar növbəti gün daha çox yemək ehtiyacı hiss edirlər.
Hazır qidalar, şəkərli, unlu yeməklər rasiondan çıxarılmalı və az istifadə olunmalıdır.
Marketlərdə satılan dietik məhsullar nə dərəcədə xeyirli və gərəklidir?
- Marketlərdə satılan müxtəlif çeşidli məhsullar var ki, insanlar onların kalorisiz və yağsız olduğunu düşünürlər. Qətiyyən elə deyil. Dietik məhsullara baxsaz, görərsiz ki, ya kalorisi azaldılıb, amma tərkibində yetəri qədər şəkər var, ya da şəkəri azaldılıb, amma tərkibində mənşəyi məlum olmayan müxtəlif yağlar var. Bu o deməkdir ki, “dietikdir deyə faydalıdır” anlamına gəlməməlidir. Onlar hansısa bir parametrlərə görə biznes məqsədilə dietik adlandırılaraq satışa çıxarılır. Yaxşı olar ki, təbii qidalara üstünlük verilsin, təbiətə nə qədər yaxındırsa, bir o qədər faydalıdır.
Məktəb illərində çəkili olan və sonradan sağlam şəkildə arıqlayıb, hazırda formada olan tanınmış aktrisa Zülfiyyə Məmmədova da öz komplekslərindən və mübarizələrindən danışdı:
- Məktəbdə oxuyanda dərk etmişdim ki, artıq çəkim var, amma uşaq olduğum üçün bunu özümə dərd edib, qlobal problemə çevirməmişdim. Məndə kompleks yuxarı sinifdə oxuyanda, yəni gənclik yaşlarına qədəm qoyanda yarandı. Yaşıdlarım olan digər qızlardan iri və və formasız olmağım məni qıcıqlandırırdı.