Payızda Bakıda hava necə olacaq? - PROQNOZ

Payızda Bakıda hava necə olacaq? - PROQNOZ

Paytaxtda kəskin soyuqlar gözlənilirmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva Bakucity.az-a açıqlamasında 2019-cu ilin payızında bakılıları və paytaxt qonaqlarını hansı hava şəraitinin gözlədiyini açıqalyıb 

“Azərbaycanda payızın başlanğıcını ən mülayim mövsüm adlandırsaq, yəqin ki, yanılmarıq. Temperatur rejimini əlverişli hesab etmək olar. Təbiətin payız rənglərindən zövq ala bilməyimiz üçün günəşli günlər kifayət qədərdir”, - deyə o bildirib.

U. Tağıyevanın sözlərinə görə, mövsümü proqnozlaşdırma əsasən Dünya Meteorologiya Təşkilatının 5 regional iqlim mərkəzində (ECMWF, EUROSIP, APEC, IRI, SEECOF) aparılır:

“Bu proqnoza görə, cari ilin payızında havanın temperaturu iqlim normasından 0,2-0,5 dərəcə (bəzi yerlərdə 1 dərəcəyə qədər) yağıntı normadan yüksək ola bilər. Uzun müddətli hava proqnozu vermək olduqca çətindir və çox vaxt səhv olur. Buna görə də sinoptiklər hava şəraitini uzunmüddətli müşahidələrinə əsaslanırlar”, - deyə Milli Hidrometeorologiya Departamentinin direktoru bildirib.

Payızda Bakıda hava necə olacaq? - PROQNOZ, fotoşəkil-1

U. Tağıyevanın sözlərinə görə, sentyabr ayından fərqli olaraq oktyabrda buludlu günlər müşahidə olunacaq. Ümumiyyətlə, keçid dövrünün xüsusiyyətləri oktyabr ayına daha çox xasdır, yağıntı dərəcəsi artır, orta temperatur 5-7 dərəcə aşağı düşür.

Umayra Tağıyeva bildirib ki, noyabr ayının ikinci yarısında kəskin hava dəyişiklikləri mümkündür:

“Noyabr ayında havanın temperaturu tədricən azalacaq. Respublika ərazisinə soyuq hava şəraiti daha çox müşahidə ediləcək ”.

Milli Hidrometeorologiya Departamentinin direktoru bu həftə paytaxtda mülayim hava şəraitinin üstünlük təşkil edəcəyini də bildirib:

“Həftə, əsasən yağmursuz keçəcək. Bakıda havanın temperaturu 22-27 dərəcədir ki, bu da iqlim normasına yaxındır. Abşeronda mülayim külək yaxın 2-3 gün ərzində davam edəcək. Küləyin sürəti sentyabrın 26-dan 27-ə keçən gecə güclənəcək. Ümumiyyətlə, hava metrohəssas insanlar üçün əlverişlidir. Sentyabrın 28-də axşam şimal küləyinin güclənməsi, ardından temperatur rejiminin 4-6 dərəcə enməsi ehtimalı var”.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekspert Telman Zeynalov bu gün dünya alimlərinin qlobal istiləşmə barədə xəbərdarlıq etdiyini, ancaq əslində isə şiddətli soyuqların yaxınlaşdığını bildirib:

“İqlim dəyişikliyi yer üzündə daim baş verir. Güclü iqlim istiləşməsindən sonra soyuqlar gəlir. Bu il payızda mülayim hava gözlənilir. Ancaq keçən ilə nisbətən sərin olacaq. Bakı ərazisində, bölgələrdən fərqli olaraq, havanın temperaturu 25 dərəcəyə qədər yüksələ bilər”.

Payızda Bakıda hava necə olacaq? - PROQNOZ, fotoşəkil-2

Mütəxəssisin fikrincə, bu il sentyabr ayı kəskin soyuqlaşma ilə müşahidə olundu ki, bu da ölkə iqliminə görə normaldır.

“Birbaşa istidən soyuq havalara kəskin keçid olmalıdır, çünki yay aylarında sərin günlər çox idi. İş ondadır ki, yeni buz dövrünə keçirik və bunun nə qədər davam edəcəyi bilinmir. Bu baxımdan payız dövründə çox yağış yağmayacaq. Bu, elm adamlarının buludlardakı kondensasiya nüvələrinin sayını artıra biləcək yağışın qarşısını alma texnologiyaları hazırlaması ilə əlaqədardır. Təbiətə bu cür müdaxilə iqlim dəyişikliyinə mənfi təsir göstərir”, - deyə T.Zeynalov izah edib.

Züleyxa İsmayılova

Bakucity.az

Bakı payız hava
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər