On ölkənin vəkilləri Bakıda toplaşdı

On ölkənin vəkilləri Bakıda toplaşdı

“Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları”

Bakucity.az xəbər verir ki, bu gün “Marriott Abşeron” Bakı mehmanxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və digər məhkəmələrin sədrləri və hakimləri, prokurorluq və ədliyyə orqanlarının rəhbərləri və nümayəndələri, o cümlədən, 20-dən çox ölkənin vəkillər kollegiyalarının rəhbərləri və üzvləri, Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatların, habelə dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, hüquq ictimaiyyətinin təmsilçiləri iştirak edir.

Həmçinin oxu: Bakıda boşanmalar: Səbəb və nəticə

İki sessiyada keçiriləcək konfransın məqsədləri beynəlxalq ekspertlərin və dünyanın müxtəlif ölkələrinin vəkillər kollegiyalarının nümayəndələrinin vəkillik peşəsinin idarəetmə və rolu ilə bağlı perspektivlərinin bir araya gətirilməsidir.

Tədbirlərdə müvəkkillərinin insan hüquqlarının müdafiəsini həyata keçirərkən vəkillərin əməl etməli olduqları tələb və şərtlərin müqayisəli təhlili aparılacaq. Konfrans iştirakçılarının çıxışları, əsasən vəkillik peşəsinin təşkili və idarəetməsi, vəkil etikası və vəkillərin peşəyə qəbul mövzularında nəzərdə tutulub.

Bundan əlavə, tədbir iştirakçılarının səfər çərçivəsində ölkəmizin mədəniyyəti, eləcə də, bölgələri ilə tanış olmaq imkanı olacaq.

Yubiley tədbirləri çərçivəsində 3-6 oktyabr tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Gürcüstan Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillər arasında 1-ci Cənubi Qafqaz Beynəlxalq Futbol Turniri” keçirilməkdədir.

Turnirdə 10 ölkəni - Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Belarus, İran, Polşa, Qazaxstan, Özbəkistan və Bolqarıstanı təmsil edən 16 komanda birincilik uğrunda mübarizə aparmaqdadır.  (Oxu.az)

Bakucity.az

Vəkil bakı tədbir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər