Bakıda Dağıstanın ilk Xalq şairinin 150 illiyi keçiriləcək

Bakıda Dağıstanın ilk Xalq şairinin 150 illiyi keçiriləcək

Bu il Dağıstan poeziyasının görkəmli nümayəndələrindən biri, Maksim Qorkinin “XX əsrin Homeri” adlandırdığı Süleyman Stalskinin anadan olmasının 150 illiyi tamam olur.

Mədəniyyət Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, bu münasibətlə oktyabrın 15-də Bakıda, R.Behbudov adına Dövlət Mahnı Teatrında nazirliyin dəstəyi və “Samur” Ləzgi Milli Mədəniyyət Mərkəzi ilə “Samur” qəzeti redaksiyasının təşkilatçılığı ilə böyük şairin anadan olmasının 150 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcək.

Dağıstanın ilk Xalq şairi Süleyman Stalskinin əsərləri keçmiş SSRİ xalqlarının, həmçinin dünyanın yüzdən çox ölkəsinin dillərinə tərcümə olunub. Bu il Rusiya Federasiyasında, o cümlədən Dağıstan Respublikasında şairin 150 illik yubileyi təntənə ilə qeyd edilib.

Dağıstan və ləzgi ədəbiyyatı xəzinəsinə qiymətli əsərlər bəxş etmiş bu şəxsiyyət çoxları üçün yüksək insani dəyərlər və mənəvi zənginlik rəmzi olub. Böyük şair ilk məktəbi Bakı fəhlə sinfi içərisində keçib. O, özünün ana dili olan ləzgi dilində yazdığı kimi, bir sıra şeirlərini qardaş Azərbaycan xalqının dilində də yaradıb. Onun Azərbaycan və Dağıstan xalqlarının dostluğunu tərənnüm edən şeirləri əvəzsiz poeziya nümunələridir.

Bakıda Dağıstanın ilk Xalq şairinin 150 illiyi keçiriləcək, fotoşəkil-1

BakuCity.az

Bakı Dağıstan şair
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər