Bakıda 20 gündür açılan Nəqliyyat Mübadilə Mərkəzi niyə istifadəyə verilmir?

Bakıda 20 gündür açılan Nəqliyyat Mübadilə Mərkəzi niyə istifadəyə verilmir?

Sentyabrın 25-də açılışı olmuş “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsi prosesi gecikir.

Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev BakuCity.az-a açıqlamasında isə işlərin plana uyğun getdiyini bildirib:

“Heç bir gecikmə yoxdur, işlər plana uyğun gedir. Müəyyən işlər var ki, onların tam yekunlaşmasından sonra “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək”.

“Koroğlu” metro stansiyasının yaxınlığında yerləşən Mərkəzin dəqiq nə zaman istifadəyə hazır olacağına gəlincə, M.Ağayev konkret tarix göstərməyib:

“Mərkəz çox yaxın vaxtda istifadəyə veriləcək”.

Xatırladaq ki, sentyabrın 26-da təşkil edilən mediatur zamanı M.Ağayev “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin bir həftə ərzində sərnişinlərin istifadəsinə veriləcəyini bildirmişdi.

Qeyd edək ki, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu” stansiyasının yaxınlığındakı bu Nəqliyyat Mübadilə Mərkəzi ilk HUB olaraq 2016-cı ildə təşkil edilib. Pilot layihə olaraq mərkəz əvvəlcə yüngül konstruksiyalardan hazırlanmışdı. Lakin sonradan əhalidən gələn müraciətlərlə əlaqədar “Koroğlu” HUB 2019-cu ildə əsaslı şəkildə yenidən qurulub və burada müasir nəqliyyat infrastrukturu yaradılıb.

Arzu Murad

BakuCity.az

Bakı nəqliyyat mübadilə mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər