• Ana səhifə
  • Bakıda rəqəmli radionun test yayımı uğurlu oldu
15:54, 16 oktyabr 2019

Bakıda rəqəmli radionun test yayımı uğurlu oldu

Bakıda rəqəmli radionun test yayımı uğurlu oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən ölkə ərazisində ilk dəfə Bakı şəhəri və Abşeron yarımadası ərazisində Avropanın DAB+ (Digital Audio Broadcasting) standartı ilə rəqəmli radionun test yayımı həyata keçirilib. 

Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, DAB+ standartlı rəqəmli radionun tətbiqi məqsədilə Bakı Teleqüllə Kompleksində baş stansiya avadanlıqları, 1 kVt-lıq rəqəmli radioverici və 1x6 konfiqurasiyalı antena sistemi quraşdırılaraq istismara verilib. 

Nəticədə Azərbaycanda ilk dəfə olaraq, 26 avqust 2019-cu il tarixindən etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində 218,6 MHs (11B) tezliyində bir paketdə 12 radio proqramının – Azərbaycan radiosu, “İctimai” FM, “Araz” FM, “Radio Anten”, “Lider” FM, “Space” FM, “Media” FM, “Xəzər” FM, “Radio Qrup” şirkəti, “Avto Radio” FM, “Asan” FM, “Azad Azərbaycan” FM-in rəqəmli test yayımına başlanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən aparılmış müvafiq radiomonitorinq işləri nəticəsində rəqəmli radio siqnalının Bakı şəhəri və Abşeron yarımadasının bütün ərazisində inamlı qəbulu müəyyən edilib. 

Qeyd edək ki, rəqəmli televiziya yayımında olduğu kimi, rəqəmli radio yayımında da radio proqramların bir paketdə yayımlanmaqla, bir tezlikdə qəbulu mümkündür.

Rəqəmli radio yayımı radiotezlik spektrindən daha səmərəli istifadəyə, radiosiqnalın daha inamlı qəbuluna, bir tezlik zolağında informasiyaların video, qrafik və mətn şəklində ötürülə bilməsinə imkan verir, həmçinin tək tezlikli şəbəkə (SFN) rejimində yayım üstünlüyünə malikdir.

BakuCity.az

#Bakı #rəqəmli yayım #radio

Şərhlər

Elan
live comments feed...