• Ana səhifə
  • Bakı tramvayının bərpası ilə bağlı müzakirələr gedir
09:25, 17 oktyabr 2019

Bakı tramvayının bərpası ilə bağlı müzakirələr gedir

Bakı tramvayının bərpası ilə bağlı müzakirələr gedir

Bakıda ictimai nəqliyyatda tramvay və elektriklə çalışan avtobusların istifadəyə verilməsi ilə bağlı müzakirələr gedir.

BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə deyib.

O bildirib ki, bu növ nəqliyyat vasitələrinin olması paytaxt yollarında sıxlığı azalda bilər:

"Bu gün şəhərimizdə əsas ictimai nəqliyyat növləri metro və müntəzəm marşrut xətt avtobuslarıdır. Son vaxtlar dəmir yolu xətlərinin bərpası istiqamətində mühüm addımlar atılır. Lakin əlavə ictimai nəqliyyat növlərinin yaradılması müasir dövrümüzün əsas çağırışlarındandır. Çünki indiki halda sərnişin axınının ancaq avtobus və metro hesabına qarşılanması ciddi çətinliklər yaradır".

M.Ağayev qeyd edib ki, hazırda Bakıda avtobuslarda səfər sayı gündəlik iki milyon iki yüz min nəfərdir:

"Bu, çox ciddi rəqəmdir. Buna görə də dövlət avtobus şəbəkəsinin müasirləşməsi, göstərilən xidmətin səviyyəsinin artırılmasına çalışır. Bu gün, əsasən, avtobus parkının müasirləşdirilməsi istiqamətində işlər aparılır. Amma tramvay və elektriklə çalışan avtobuslarla bağlı da müzakirələr gedir. Bu nəqliyyat növlərinin olması bir çox cəhətdən vacibdir, ən əsası da sıxlıqların azaldıması baxımından".

Xatırladaq ki, Bakıda ilk tramvay 1924-cü ildə istifadəyə verilib, lakin 2004-cü ildə ictimai nəqliyyatın bu növünün fəaliyyəti dayandırıldı.

BakuCity.az

#Bakı #ictimai nəqliyyat #tramvay

Şərhlər

Elan
live comments feed...