Bakıda yaz havası nə qədər davam edəcək? – 89 il əvvəl oktyabrda 35° isti olmuşdu

Bakıda yaz havası nə qədər davam edəcək? – 89 il əvvəl oktyabrda 35° isti olmuşdu

Bakıda mülayim hava şəraiti oktyabrın 20-dək davam edəcək.

Bunu BakuCity.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

U.Tağıyeva bildirib ki, bu ilin oktyabr ayının birinci yarısı nisbətən sabit və mülayim isti hava şəraiti ilə səciyyələnir. Havanın temperaturu iqlim norması ilə müqayisədə 3-4 dərəcə yüksəkdir:

“Çoxillik meteoroloji məlumatlara əsasən, Bakıda oktyabrda ən yüksək temperatur 1930-cu il oktyabrın 2-də qeydə alınıb. Həmin gün havanın temperaturu 35.1 dərəcə olmuşdu. Son 75 ildə ən isti oktyabr ayı isə 2012-ci ildə qeydə alınıb. Həmin vaxt havanın orta aylıq temperaturu 19.2° isti olub ki, bu da iqlim normasından 3.1 dərəcə yüksəkdir”.

Həmçinin oxu: Bakıda sabah da hava isti olacaq

Nazirlik rəsmisi əlavə edib ki, paytaxtda ən soyuq gün 1965-ci il oktyabrın 26-da qeydə alınıb. Həmin gün Bakıda havanın temperaturu 1 dərəcə isti təşkil edib. Ayrı-ayrı anomal illərdə havanın mütləq minimum temperaturu mənfi 1-6 dərəcəyədək enib:

“Bakı şəhərində ən güclü külək 1986-cı il oktyabrın 23-də və 2003-cü il oktyabrın 19 və 29-da müşahidə edilib. Küləyin maksimal sürəti saniyədə 30-32 metrə çatıb”.

Onun sözlərinə görə, oktyabrın 20-dək nisbətən mülayim hava şəraiti davam edəcək, Bakıda dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif və mülayim dəyişkən istiqamətli külək əsəcək. Havanın temperaturu  gecə 15-18° isti, gündüz 23-25° isti təşkil edəcək.

Arzu Murad

BakuCity.az

Bakı hava oktyabr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər