Alpinist Darya: Bakıda qayaların qədrini bilmir, bağ evlərinin ərazisinə salırlar - MÜSAHİBƏ

Alpinist Darya: Bakıda qayaların qədrini bilmir, bağ evlərinin ərazisinə salırlar - MÜSAHİBƏ

BakuCity.az-ın “Öz hekayəni danış” rubrikasının budəfəki qonağı Azərbaycan Dağ İdman Klubunun üzvü, fotoqraf Darya Derkaçdır. O, saytımıza müsahibəsində bu idman növünə gəlişindən, uğurlarından və gələcək planlarından danışıb.

Daryanın sözlərinə görə, Bakıda qayalıq məkanlar çox deyil, amma sevdiyi bir məkan var. O, Dağ İdman Klubundakı dostları ilə birlikdə məşq etmək, qayalar boyunca dırmaşmaq və söhbət etmək üçün hər bazar günü Nardarana gedir. Birlikdə müntəzəm olaraq müxtəlif hündürlükləri aşaraq prosesdən böyük zövq alırlar.

Alpinist Darya: Bakıda qayaların qədrini bilmir, bağ evlərinin ərazisinə salırlar - MÜSAHİBƏ, fotoşəkil-1

- Sizdə bu idman növünə necə maraq oyandı?

- Mən bu idman növü ilə təsadüfən məşğul olmağa başladım. Bir dəfə hansısa məsələ ilə əlaqədar “GreenRock” dırmanma klubuna gəlmişdim, sığorta kəməri taxmış uşaqların qarmaqlarla divara çıxdığını gördüm. O an mən də cəhd etmək istədim, sınadım və xoşuma gəldi. Artıq beş ildir ki, bu idmanla məşğulam.

- Paytaxtımızın hansı ərazilərində ən dik, təhlükəli və maraqlı qayalar var?

- Təəssüf ki, şəhərimizin ərazisində qayalar çox deyil, amma var. Bakıxanovda məşhur “Razin təpəsi” adlandırılan qaya var. Həmçinin Nardaranda da qayalar var. Lakin orada bağ evləri tikilir və buranın dəyərini başa düşməyən insanlar ya qayaları yarır, ya da onları hasarlayıb öz bağ evlərinin ərazisinə salırlar.

Təhlükəyə gəlincə, iki metrdən yuxarı istənilən qayalıq təhlükəli sayılır, buna görə də sığorta kəməri hazırlayırıq və təxminən 10 metr yüksəkliyə qalxmaq olur. Biz qayalara dırmanma texnikasını tətbiq edirik. Ümumiyyətlə, əvvəllər daha tez-tez yarışlar təşkil olunurdu, klublar toplanırdı. Bu, çox maraqlı və heyranedicidir.

Alpinist Darya: Bakıda qayaların qədrini bilmir, bağ evlərinin ərazisinə salırlar - MÜSAHİBƏ, fotoşəkil-2

- Hündürlüyə qalxanda hansı hissləri yaşayırsınız? Qorxulu deyil? 

- Çətin olmayan dırmanma prosesində, demək olar, heç bir hiss olmur. Bu, yalnız ağır, soyuq və ya isti vaxtlarda yaranır, susuzluq hiss edirsən. Yavaş-yavaş belə düşüncələr yaranmağa başlayır: az qaldı, səbirli ol, addımla. Hündürlük artdıqda isə düşünürsən ki, atamla anam necədir? (gülür)

Yüksəkliklərə dırmaşmaq bəzən qorxulu olur. Bu ərəfədə çıxacağım məsafəni beynimdə çək-çevir edirəm, özümü pozitiv əhvala kökləyirəm. Dırmanma zamanı həmişə rəhbərlik edən, təlimat verən bir qrup lideri var: kim birinci gedəcək, kim kimi sığortalayacaq. Həmişə əvvəlcədən hərəkət planını müzakirə edirik. Əgər qrup rəhbərinin nəsə xoşuna gəlmirsə, yaxud hər hansısa təhlükə hiss edirsə, düşərgəyə qayıdırıq.

Alpinist Darya: Bakıda qayaların qədrini bilmir, bağ evlərinin ərazisinə salırlar - MÜSAHİBƏ, fotoşəkil-3

- İlk dırmanışınız hara olub?

 - İlk dırmanışım Gürcüstanda Ortsveri zirvəsinə olub. Biz düşərgəni saat 04:00-da tərk etmişdik. Qalxmaq çox çətin deyildi, 1b kateqoriyalı idi, amma maraqlı idi. Bir dəstə sırasında silsilə boyunca getməli, öndə olanları sığortalamaq üçün ipi irəli-geri atmalı idim. Bu zirvə yalnız maraqlı yürüşlə deyil, həm də xoş duyğular və gözəl bir yasəmən səhəri ilə yadda qaldı.

- Bu il Elbrus zirvəsinə uğurla qalxdınız. Bir qədər bu barədə də danışardınız.

- Elbrus dağına qalxmaq çoxdankı arzum idi. Ancaq hər zaman mürəkkəblik və qeyri-müəyyənlik üzündən səfəri təxirə salırdım. Bu il rəfiqəm Fidan onunla getməyi və çoxgünlük akklimatizasiyaya ehtiyac olan müxtəlif yüksəkliklərə, 3700, 4700 metr hündürlüyə qalxmaq üçün tur almağı təklif etdi. Bu səyahət lap əvvəldən başladı. Komandaya çox yaxşı, şən, zarafatcıl şəxslər toplandı. Bütövlükdə hər şeydən çox məmnun qaldım. Hər şey o qədər ahəngdar idi ki, bu zirvəyə bir daha çıxmağa hazıram. Məni öz qoynuna alıb yenidən sərbəst buraxdığın üçün təşəkkür edirəm, Elbrus!

Alpinist Darya: Bakıda qayaların qədrini bilmir, bağ evlərinin ərazisinə salırlar - MÜSAHİBƏ, fotoşəkil-4

- Bəs yaxın gələcəkdə daha hansı zirvələrə qalxmağı planlaşdırırsınız?

- Kazbekə çıxmaq istəyirəm. Bunlar gələn yayın planlarıdır. Görək, necə alınır. 

Züleyxa İsmayılova

BakuCity.az

Bakı alpinist qayalıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər