Bakı Elektron Ticarət Forumu işə başladı

Bakı Elektron Ticarət Forumu işə başladı

Bu gün “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində ikigünlük 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” işə başlayıb.

BakuCity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa Birliyinin təşkilatçılığı ilə keçirilən forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startapçılar iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanda elektron ticarətin inkişafı üçün müvafiq mühitin mövcud olduğunu, tələbələrdən tutmuş pensiyaçılara qədər hər kəsin  bir və ya bir neçə bank kartının olduğunu qeyd edib:

“Ölkəmizdə  elektron ticarətin inkişaf dinamikası yüksək olsa da, internet istifadəçilərimiz əsasən tanınmış  xarici elektron ticarət platformalarından sifarişlər edirlər. Məqsədimiz daha çox daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir.

Azərbaycanda artıq ikinci dəfə keçirilən tədbir elektron ticarət sahəsinin son trendləri və müsbət tendensiyaların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Forumun ilk günündə elektron ticarətin müxtəlif istiqamətləri üzrə 4 sessiya təşkil edilib.

Forumun ikinci günündə biznes modelləri, kibertəhlükəsizlik və məlumatların qorunması, marketinq davranışı və tendensiyaları üzrə təlimlər təşkil olunacaq.

BakuCity.az

Bakı forum elektron ticarət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər