Bakıda Formula 1 yarışının biletləri satışa çıxarılır

Bakıda Formula 1 yarışının biletləri satışa çıxarılır

Bu gün 2020-ci il Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına start veriləcək.

BakuCity.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

Satış şirkətin rəsmi saytında (www.bakucitycircuit.com) və "iTicket" kassalarında aparılır. Yarışın keçirilməsinin beş illiyi münasibətilə Əməliyyat Şirkəti avtoidman həvəskarlarına dördgünlük biletləri 20 faiz endirimlə təklif edir. Endirim kampaniyası 15 yanvar 2020-ci ilədək davam edəcək və həmin tarixdən sonra biletlərin satışı tam qiymət üzərindən aparılacaq.

Yerli sakinlərə əlavə 25 faizlik endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

Dördgünlük biletlər azarkeşlərə trekdə üç gün davam edəcək yarışlarla yanaşı, həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq, həmçinin iyunun 4-də keçiriləcək pit yolu yürüşündə iştirak imkanı verir. 

Bunda əlavə, 2-15 yaş arasında olan uşaqlar üçün də xüsusi endirimlər təqdim olunur. Bu kampaniya yalnız dördgünlük biletlərə aiddir.

Qeyd edək ki, dördgünlük biletlərin indiki qiyməti tribunadan asılı olaraq 210-710 manat arasında dəyişir. Azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150-500 manat təşkil edir. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 110-190 manat aralığındadır.

2020-ci il Formula 1 Azərbaycan Qran Prisi 5-7 iyunda keçiriləcək.

BakuCity.az

Bakı Formula bilet satışı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər