Bakının Yasamal rayonu ərazisində "Porsche" markalı avtomobilin sürücüsü yüksək sürətlə Abdulvahab Salamzadə küçəsində yol hərəkəti qaydalarını pozub.
BakuCity.az APA-ya istinadən xəbər verir ki, sürücüyə Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları "Saxla" əmri verib. Sürücü əvvəlcə avtomobilini saxlayıb, ancaq Yol Patrul Xidmətinin əməkdaşlarının tələbinə əməl etməyib. Müvafiq sənədlərinin olmadığını deyərək avtomobillə ərazidən uzaqlaşıb. Daha sonra o, Mətbuat prospekti və Zərdabi küçələrində əks istiqamətli yola çıxaraq açıq-aşkar qəza şəraiti yaradıb. Ziya Bünyadov prospektində isə avtomobilini arxa-arxaya sürərək digər nəqliyyat vasitələrinin sürücülərini təhlükəli vəziyyətə salıb.
Onun bu əməli təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. Məlum olub ki, sürücü digər iki nəqliyyat vasitəsini vuraraq qaçıb. Ziya Bünyadov prospektində isə avtomobilini ona bir daha "Saxla" əmri verən Yol Patrul Xidmətinin əməkdaşlarının üzərinə sürüb.