Avropa İttifaqı Bakıda "Fantazia" keçirəcək

Avropa İttifaqı Bakıda "Fantazia" keçirəcək

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi noyabrın 1-15-də Bakı, Gəncə və Qəbələnin Nic kəndində 2-ci "Fantazia" mədəni irs festivalı keçirəcək.

Nümayəndəlikdən BakuCity.az-a verilən məlumata görə, məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan "Fantazia" festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır.

Bu il festival "Şərq Tərəfdaşlığı"nın 10 illik yubileyi ilə üst-üstə düşür. Festival, Avropa İttifaqına üzv dövlətlər və üçüncü ölkələrlə, o cümlədən Fransa, Bolqarıstan, İtaliya, Latviya, Finlandiya, Belçika, Nideland, Macarıstan, Moldova, Meksika, Argentina, Tacikistan, Venesuela ilə, həmçinin aralarında Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin də olduğu yerli tərəfdaşlarla birgə təşkil olunacaq.

Festival noyabrın 1-də Azərbaycan Fransız Universitetində təşkil olunacaq Memarlıq İrsinə həsr olunmuş konfrans və Bakının tarixinə həsr olunmuş “pop-up” muzeyin açılış tədbiri ilə başlayacaq, müxtəlif fotosərgilər, film nümayişləri, konsert və teatr tamaşaları, universitetdə master-klasslarla davam edəcək. Bu münasibətlə Bakıya 10-dan çox xarici qonaq gələcək.

Festivalın bir hissəsi, daha dəqiqi, sərgilərin, debatların və film nümayişlərinin təşkili Gəncədə baş tutacaq. Festival çərçivəsində qonaqlar, həmçinin Qəbələ rayonunun Nic kəndində təşkil olunacaq Alban-Udi Mədəniyyət Günündə iştirak edəcəklər.

BakuCity.az

Bakı Avropa İttifaqı festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər