• Ana səhifə
  • Bakı metrosunda “Ginnesin Rekordlar Kitabı”na düşən faciədən 24 il ötür
09:46, 28 oktyabr 2019

Bakı metrosunda “Ginnesin Rekordlar Kitabı”na düşən faciədən 24 il ötür

Bakı metrosunda “Ginnesin Rekordlar Kitabı”na düşən faciədən 24 il ötür

Bakı Metropolitenində baş vermiş qəzadan 24 il ötür.

BakuCity.az xəbər verir ki, 1995-ci il oktyabrın 28-də "Ulduz" və "Nərimanov" metro stansiyaları arasındakı tuneldə qatar alışıb. Xilasetmə əməliyyatının lazımi səviyyədə olmaması da faciənin miqyasının artmasına gətirib çıxarıb.

Hadisə nəticəsində 289 nəfər, o cümlədən 126 qadın, 28 uşaq, 3 xilasedici həlak olub, 270 nəfər yaralanıb.

Hadisə metropolitendə ən ağır qəza kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Qəzanın əsas səbəbi kimi köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.

Hadisə terror əməli hesab olunmayıb, texniki qəza kimi qiymətləndirilib. Uzun müddət araşdırma aparan istintaq qrupu hadisənin terror aktı olduğunu istisna edib. Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar.

Havaçəkmə sistemi yararsız olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı yanlış sayılıb. Təhlükəsizlik qaydalarına riayət etməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Sərnişinlərdən biri - Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Ölkədə üç gün matəm elan olunub, qəzada həlak olanlar dövlət hesabına dəfn edilib və ailələrinə bir milyon manatlıq yardım göstərilib.

BakuCity.az

#Bakı #metro #qəza

Şərhlər

Elan
live comments feed...